Pessimist açıqlama: “1 dollar 2 manat səviyyəsində proqnozlaşdırılır”

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı müxtəlif nikbin proqnozlar verirlər. Pis deyil, lap yaxşı...”.
 Bu sözləri iqtisadçı- ekspert Pərviz Heydərov deyib. 
 Ancaq ekspert “Sherg.az”a açıqlamasında məsələyə şübhə ilə yanaşdığını dedi:

“Həmin beynəlxalq reytinq agentlikləri dünya iqtisadiyyatında baş verən və baş verə biləcək tendensiyaları proqnozlaşdıra bilirlərmi? Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının kiçik bir parçasıdır. Həmin beynəlxalq qurumlar hardan bilə bilərlər ki, sabah dünya iqtisadiyyatında nə baş verəcək? Pandemiyanı kim proqnoz edirdi?

  Əlbəttə, bu, "kimlərəsə" əyan idi. Sözüm bunda deyil. Amma məsələn, “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə də neft-qaz sektorunun inkişafı ilə müəyyənləşməyə davam edəcəyini gözlədiyini bildirib.

Guya adıçəkilən qurum və onun havadarları bunda maraqlı deyillər. Yaxud “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi manatın dollara nisbətdə orta məzənnəsini 2026-2030-cu illər dövrü üçün 1 dollar 2 manat səviyyəsində proqnozlaşdırır.

Bütün bunlarla nə demək istənilir? Sözügedən nikbin proqnozlar nəyə işarədir? Guya Azərbaycan iqtisadiyyatı olduğu kimi qalacaq? Şaxələndirmə istəkləri, qeyri-neft sektorunu inkişaf etdirmək məqsədləri həyata keçməyəcəkmi? Hesab edirəm ki, hökumət bu qurumların optimist proqnozlarından özü üçün pessimist məna və yanaşmalar çıxarsa yaxşıdır...”.