Din ilahiyyat və mənəviyyat hadisəsidir

"Dini dəyərlərimizin qorunması məqsədilə də ondan şəxsi  istəkləri üçün istifadə edənlərin qarşısı qanunla alınmalıdır"

Azərbaycanda dini ekstremizmin təbliğinə yönəldilmiş fəaliyyət qadağan olunur. Bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.
Dəyişikliklə qanunun 1.3-cü maddəsinə yeni altıncı və yeddinci hissələr əlavə  olunur.  Layihəyə əsasən, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Digər bir dəyişikliklə isə kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. 

Qanuna sözügedən dəyişikliklərlə bağlı “Şərq”ə rəyini bildirən millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu qeyd etdi ki, din-cəmiyyət  münasibətləri həmişə öz aktuallığı ilə seçilib. Və cəmiyyətin inkişafının müxtəlif mərhələlərində bu münasibətlərin qanunla nizamlanmasına ehtiyac yaranır: 

- Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycanda etiqad azadlığı hər bir vətəndaşa tanınan konstitusion hüquqdur və onun toxunulmazlığı qanunla qorunur. Ölkəmizdə multikultural mühit təkcə sosial-mənəvi kontekstdə deyil, həm də dini tolerantlıq və dözümlülük mühitində mövcuddur. Ancaq bəzən bütün cəmiyyətlərdə dinin müxtəlif qüvvələr tərəfindən istismar olunması və hətta ondan siyasi məqsədlər üçün istifadə edilməsi hallarına da rast gəlinir. Belə hallar dindən ekstremizm vasitəsi kimi istifadə etməyə qədər gətirib çıxara bilir. Ona görə də dindən başqa məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Din hər şeydən öncə ilahiyyat və mənəviyyat hadisəsidir. Onu adiləşdirib zərərli məqsədlər üçün istifadə edilməsinə yol vermək olmaz. Din müqəddəsdir. Məhz elə dini dəyərlərimizin qorunması məqsədilə də ondan şəxsi  istəkləri üçün istifadə edənlərin qarşısı qanunla alınmalıdır. 

H.Babaoğlu bildirdi ki, qəbul edilməsi nəzərdə tutulan qanun da elə buna xidmət edəcək: 

- Biz eyni zamanda bilirik ki, din sırf sosioloji kontekstdə  hər nə qədər fərdi hadisədirsə, bir o qədər də kütləvidir. Yəni dinin idrak edilməsi ayrı-ayrı fərdlərin dərketmə hadisəsidirsə, onun rituallaşması və ayinləşməsi artıq kütləvidir.

Ona görə də kütləvi şüurda, yəni ictimai şüurda din obyektiv əsaslarda formalaşmalıdır. Bu çox vacibdir. Çünki məqsədindən yayındırılan hər hansı ideologiya cəmiyyətin ümumi maraqlarına zidd olan nəticələrə gətirib çıxara bilir.

Ona görə də yeni qanun bütün bunların müqəddəs dinimizin və cəmiyyətimizin maraqlarının lehinə nizamlanması üçün yaxşı hüquqi baza ola bilər.