Xalq artisti sərt danışdı:“Kişiliyinizi tapdalamaq yarışına girmisiz!”

Bir müddətdir ki, xalq artisti Flora Kərimovanın illər əvvəlki müsahibəsində Allahla bağlı söylədiyi sözlər müzakirə olunur. Onu fikirlərinə görə qınayanların sayı hesabı yoxdur.
“Sherg.az”məlumat verir ki, korifey sənətkar ona irad bildirənlərə cavab verib. O bu barədə Feysbuk səhifəsində yazıb:

““Kütlə”, o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz! Birinci, ya da onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda  “Allahsızlıqda” günahlandırır! Yaradanla Allahlar (Şiva, Zevs, Ra, Məzda... ) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır. Bir tikə çörək üçün kişiliyinizi, vicdanınızı, ləyaqətinizi ,qeyrətinizi tapdalamaq yarışına girmisiz!Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz! Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz.

Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatmadı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın! Yaradan “sən”-ləri o qədər cılız  yaradıb ki, ac qalmamaq üçün mənim təhrif edilmiş cümlələrimə  möhtacdırlar! Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsız şərhlərə... Artıq o həddə çatmısız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağa edirsiniz, “şərh” yarışına çıxırsınız.

Görək kim daha yaxşı təhqir yazıb “komment” tutuzduracaq. Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar ?! Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz! Yaradan bağışlayacaq sizi? Bəli, demişəm ki,Yaradan hər kəsi bağışlasaydı, cəhənnəmi yaratmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənləyə halal etmirəm. Təssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadınız.

Təkəbbür, kibir, riyakarlıq içindəsiz! İndi bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın! Mən ömrümü boşuna yaşamadım. Millətimin, xalqımın, insanların və ən əsası Yaradanımın yanında sədaqətimi, kimliyimi xırdalamadım.

Bu Ramazan ayında bağımda “it ovçularından gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! “Sən”lərin duaları olmasa da olar!”