Azad reklam bazarı yoxdur 

Pandemiya ən çox regional mətbuata zərbə vurdu 

"Son illər Azərbaycanın regionlarında da internet media inkişaf etməyə başlayıb. Lakin regionda çalışmaq, oxucuları informasiya ilə daim təmin etmək bir o qədər asan deyil. Buna baxmayaraq, 9 ilə yaxındır Xeberle.com əməkdaşları Sumqayıtda bu işin öhdəsindən gəlməyə çalışır. Şübhəsiz ki, informasiya almaq, informasiyanı dəqiqləşdirməklə bağlı bir sıra problemlər yaranır". 



Bu sözləri "Şərq"ə açıqlamasında Sumqayıtın regional informasiya orqanı olan Xeberle.com-un həmtəsisçisi Elnur Ağayev deyib. O vurğulayıb ki, bir çox yerli dövlət qurumları hələ də informasiya verməyə borclu olduqlarının mahiyyətini başa düşmür, yaxud düşmək istəmirlər:

"Hansısa bir məsələ ilə bağlı edilən zənglər cavabsız qalır, bəzən süründürməçilik hallarına yol verilir. Kimisə tənqid edirsən, ya “ortaq dost”a xətir-hörmət üçün zəng elətdirir, yaxud da birbaşa əlaqə saxlayaraq buna qəti etirazını bildirir. Bəli, bu problemlərdən biri də tənqidə dözümsüzlükdür. Regionlarda ayrı-ayrı məmurlar mətbuata qarşı dözümsüzlük nümayiş etdirirlər. Hətta bəzi media orqanları müxtəlif məmurlar tərəfindən məhkəməyə verilir, yaxud təzyiqlərlə üzləşirlər. Bu, xoşagəlməz haldır, söz, ifadə azadlığının təmin olunması istiqamətində yeni-yeni uğurlar əldə etmək istəyən ölkəyə başucalığı gətirmir. Xoşagəlməz hal həm də odur ki, ictimai fiqur olan bir sıra məmurlar media orqanlarının onların fəaliyyətini haqlı, obyektiv tənqid etməsi ilə barışa bilmirlər". 

E.Ağayev qeyd edib ki, bəzi yerli orqanları çıxmaq şərti ilə dövlət idarələrinin saytları daim yenilənmir və bu da bəzi məlumatların oradan əldə edilməsində çətinliklər yaradır:

"Dəfələrlə qeyd olunub, medianın əsas gəlir yeri reklam bazarıdır. Reklamlarla bağlı problemlər daimidir, rəqabət zəifdir deyə, reklam verənlərin sayı da az olur. Üstəlik, bəziləri "məni dilə-dişə salma”, “filan dövlət orqanı eşidər xəbər tutar, sonra mənə əlavə problemlər yaranar” və s. kimi bəhanələrlə reklam verməkdən qaçırlar. Vətəndaşlar da bəzən şikayətlərini dilə gətirməkdən ehtiyat edir, çəkinirlər. İki ilə yaxın davam edən pandemiya şəraiti də ən çox regional mətbuta zərbə vurdu. Qapanmalar nəticəsində biznes obyektlərinin tam gücündə işləməməsi regional mətbuatın əsas maliyyə mənbəyi olan reklam bazarına çox mənfi təsir göstərdi. Hesab edirəm ki, dövlət xüsusən regional mətbuatın inkişafında, kəmiyyət dəyişikliklərin keyfiyyət dəyişikliklərinə keçməsində maraqlı olmalıdır. Media öncə regionlarda güclü olmalıdır, buradan obyektiv və dolğun xəbərlər çatdırmalıdır. Təəssüf ki, Mətbuat Şurası və artıq ləğv olunmuş KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən region medialarına diqqət göstərilməmiş, onlarla bağlı hansısa qrant layihələri təklif olunmamışdır. Lakin yeni yaradılan Medianın İnkişafı Agentliyinə ümidlər böyükdür. İnanıram ki, artıq region mediasına xüsusi yanaşılacaq, qrant ayrılan zaman ayrıseçkilik hallarına yol verilməyəcək, həmin media obyektləri ilə bağlı ölkə mətbuatının inkişafı naminə faydalı, aktual layihələr həyata keçiriləcək". 

E.Ağayev əlavə edib ki, bölgədə media orqanının fəaliyyət göstərib, inkişaf etməsi daha çətin və məsuliyyətlidir:

"Region mətbuatı üçün azad reklam bazarı, dayanıqlı maliyyə imkanları yaradılmalıdır. Hesab edirəm ki, xüsusilə Qarabağ bölgəsində təsis olunacaq media orqanlarının əsas fəaliyyətində siyasi təbliğat aparılmalıdır. Qarabağ problemi ilə bağlı daha dolğun və operativ materiallar hazırlanmalıdır. Fikrimcə, agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə mətbuat orqanları 4 dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində fəaliyyət göstərməsi daha məqsədəuyğun olar. Həmçinin zənnimcə, siyasi mövzulardan savayı turizm, kənd təsərrüfatı və innovasiyalar kimi mövzular da geniş işıqlandırılmalıdır".