UNEC müdafiə olundu:"İmtahan suallarının verilməməsi doğru qərardır" 


“UNEC  tələbələrinin  imtahan suallarının verilməsi ilə bağlı tələbləri  ədalətsiz və doğru olmayan yanaşmadır. Mən gözləyirdim ki, tələbələr  tamam başqa məzmunda tələblər irəli sürəcəklər”.
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 
 O, günlərdir sosial şəbəkələrdə geniş müzakirə olunan məsələ haqqında daha ətraflı “Sherg.az”a danışdı:

“Əslində  UNEC rəhbərliyi, çox güman ki, belə müqavimətin olacağını proqnozlaşdırırdı. Çünki bu məsələni rəhbərlik  UNEC İctimai Şurasına da çıxarmışdı. Yəni rektor qabaqcadan İctimai Şuranın da mövqeyini  öyrənmək istəmişdi. Yeri gəlmişkən, Şurada bu istiqamətdə ciddi müzakirələr gedib, UNEC rəhbərliyinin mövqeyi dəstəklənib. Sadəcə Şura üzvü  olaraq mənim bu məsələdə mövqeyim bir qədər fərqli olub. Əlbəttə, sualların və ya  cavabların verilməməsi tələbələr üçün əlavə bir yükdür, əlavə  əzab-əziyyətdir. Daha çox oxumaq , daha çox zaman tələb olunacaq. Amma keyfiyyətli təhsil üçün , keyfiyyətli bilik və bacarıqlar üçün bunlar zəruridir.  UNEC də tədrisin keyfiyyəti  və qiymətləndirmə istiqamətində  uzun müddət aparılan işlərin məntiqi yekunu olaraq, məhz keyfiyyətli təhsil baxımından belə bir addım atıb. Ola bilər, distantın yaratdığı diskomfort mühit universitetlər üçün də keyfiyyətli təhsil baxımından əlavə-gözlənilməz problemlər yaradıb. Təəssüf ki, hökumət, Təhsil Nazirliyi də zamanında distantla bağlı  tənzimləməni, metodiki və texniki -texnoloji standartları müəyyən etməyib. Əslində biz indi dolayısıyla məhz bu məsələlərin zamanında həll edilməməsinin  ağrısını yaşayırıq”. 

 Onun sözlərinə görə, görülən işləri də qiymətləndirmək lazımdır:

“UNEC az sayda universitetlərdən biridir ki, məhz distantın keyfiyyətini qaldırmaq üçün əlavə xeyli investisiyalar yatırıb. Bu qədər islahatlar aparmaqla, bu qədər investisiyalar yatırmaqla universitetdə təhsilin keyfiyyətini qaldırmaq istiqamətindəki addımları təqdir etmək və dəstəkləmək daha doğru olardı. Fikrimcə, tələbələrin distantın keyfiyyəti və mahiyyəti ilə bağlı, tələbələr və müəllimlər  üçün internetin əlçatanlığı və keyfiyyəti ilə bağlı müzakirələr açıb,universitetə və hökumətə təkliflər verməsi daha məntiqli olardı. Tələbələrin günahı olmadan, mövcud pandemiya səbəbindən qaynaqlanan keyfiyyətsiz,  standartlardan, hüquqdan və  metodikadan kənar distant və texniki-texnoloji  problemlər səbəbindən tələbənin yekun balında imtahanın xüsusi çəkisinə yenidən baxılmalıdır. Bildiyim qədərilə UNEC-də növbəti mərhələdə  bu istiqamətdə dəyişikliklər gözlənilir”.