Qapalı məkanlar maskasız adamlarla doludur

"Hətta satıcılar arasında da müştəriyə maskasız xidmət göstərənlər var"
 
"Kiməsə söz demək mümkün deyil. Qayıdıb elə cavab verirlər ki, adam abırdan düşür"


DİN-in Dövlət Yol Polisi İdarəsi əhaliyə xəbərdarlıq edib. Yayılan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar: “NK-nin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik".

Mayın 31-dən açıq havada tibbi maskadan istifadə qadağası rəsmən ləğv edilib. Bunu əhali uzun müddətdir gözləyirdi və narazılıq vardı ki, havalar istiləşir, tibbi maska ilə nəfəs almaq çətinləşir, “imkan verin təmiz hava alaq”.

Buyurun, imkan da verildi, qərar da. Amma nə baş verir? İctimai nəqliyyatda maskasızların sayı getdikcə artır, hətta aylarla intizarını çəkdiyimiz metropolitendə belə maskasız sərnişinlərə rast gəlinir. Təəccüblüdür ki, metroya girişdə ciddi yoxlamalar aparıldığı halda maskasız sərnişinlər içəri necə yol tapır? Mümkündür ki, sərnişin metro vaqonuna mindikdən sonra maskanı çıxarır. Lakin vaqonlarda müşahidə kameraları var, daimi nəzarət həyata keçirilir. Belə sərnişinlərə mütləq xəbərdarlıq edilməlidir. İctimai nəqliyyatda tibbi maska tələblərini pozansa, daha çox sürücülərdir. Sürücü maskasız, sərnişin maskasız. Sanki pandemiya bitib, daha heç bir təhlükə yoxdur. Halbuki, virusun yeni-yeni növləri, ştamları ortaya çıxır və belə vəziyyət hamıdan daha artıq məsuliyyət tələb edir. 

Mövcud durumla bağlı fikirlərini “Şərq”ə bildirən Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət şəhərdəki vəziyyəti müşahidə etdiyini dedi:

- Yumşalmalardan sonra ictimai nəqliyyatdan istifadə etmişəm, ticarət mərkəzində alış-veriş etmişəm. Sizin dediyiniz kimi, avtobusda da, ticarət mərkəzində tibbi maskadan istifadə etməyənlərin olduğunu gördüm. Hətta satıcılar arasında da müştəriyə maskasız xidmət göstərənlər vardı. Nə edəsən? Kiməsə söz demək mümkün deyil.

Qayıdıb elə cavab verirlər ki, adam abırdan düşür. Əvvəllər olub belə hallar, sürücüyə hansısa məsələ ilə bağlı irad bildirmişəm, çox kobud cavab verib. Vətəndaşlar da elədir.

İrad bildirəcəksən ki, niyə tibb maskanız yoxdur, haqsız olduğu halda səni borclu çıxaracaq. Bu artıq insanların şəxsi məsuliyyət hissinin hansı dərəcədə formalaşmasından asılı məsələdir. ABŞ-da yaşayan bir dostumuz var, yazır ki, “Ağ Ev”ə girişdə artıq tibbi maska tələb olunmur.

“COVİD-19” yoxlaması da aparılmır. 2 il əvvəl necə rahat giriş-çıxış vardısa, artıq indi də elədir. Amma 5 dəfə koronavirus testindən keçib hər dəfə neqativ cavab almasına baxmayaraq tibbi maskadan istifadədən imtina etmədiyini, bununla özünü və ailəsini qoruduğunu yazır. Bu, Amerikada yaşayan bir azərbaycanlının təfəkkürüdür.

Burda, Azərbaycanda isə açıq havada maska taxmaq qadağası qaldırılan kimi qapalı məkanları da onun “gözünə qatırlar”. Nazirlər Kabineti yoluxma sayındakı müsbət azalmanı, havaların istiləşməsini, yay mövsümü olduğunu, pandemiya dövrünün ümumi gərginliyini nəzərə alıb, açıq məkanlarda tibbi maskalardan istifadə şərtini ləğv elədi. Bununla NK bizə seçim imkanı verir. Amma məsuliyyətsiz insanlar yumşalmalardan sui-istifadə edir. Düşünürəm ki, insanlarımızın məsuliyyətsizliyi davam edəcəksə, uzağı, 1 aydan sonra ciddi yoluxma dalğası başlayacaq.

Yenidən sərt qapanmalar istəmiriksə, məsuliyyətli davranmalıyıq. DİN də müraciətində bunu bildirir ki, biz sizə güvənirik, inanırıq, siz də şüurlu davranın.