Ənvər Paşanın nəticəsi Bakıda, Gəncədə qardaşlarına sarıldı

Türk dünyasının böyük sərkərdəsi - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hərbi-siyasi dəstəyini əsirgəməyən, Qafqaz İslam Ordusunu formalaşdıran Ənvər Paşanın nəticəsi Ənvər Burak və Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan Azərbaycanda səfərdədir. Qəhrəman Ənvər Paşanın adını daşıyan Ənvər Burak Qurban bayramı ərəfəsində ilk dəfə Azərbaycana gəlib. Azərbaycan Türk Ocağının dəvətlisi kimi ölkəmizə səfər edən Ənvər Burak və Həsən Bəsri Pehlivan Qarabağ Zəfəri niyyəti ilə dedikləri qurbanları da kəsiblər. Dəyərli qonaqlar Bakıdan sonra Gəncə şəhərinə də səfər edərək orada görüşlər keçiriblər. Növbəti gün isə Bakıda Qarabağ qaziləri və şəhid ailələri ilə bir araya gəliblər. Səfərlər və görüşlər zamanı Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə və Azərbaycan Türk Ocağının üzvləri - Yusif Nəzərli, Sərxan Carçı da qonaqlarla birgə olublar. Qardaş ölkədən gəlmiş dəyərli qonaqlar və Azərbaycan Türk Ocağının üzvləri ilk gün Bakıda Şəhidlər Xiyabanını, Qafqaz İslam Ordusu adına ucaldılmış abidəni, o cümlədən Fəxi Xiyabanı və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin və Milli Azadlıq  Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarları üzərinə qərənfillər qoyublar.
Ənvər Paşanın nəticəsi Ənvər Burak bildirib ki, hazırda evindən 1500 kilometr uzaqda olsa da, özünü evindəki kimi hiss edir: “Fikirləşin ki, biri qardaşınızı sıxışdırır, onu əzməyə çalışır. Belə vəziyyətdə ona yardım etməyəkmi? Əlbəttə etməliyik. Heç kim qardaşımıza əl qaldıra bilməz. Azərbaycanda olmaqdan qürur duyuram. Bütün şəhidlərimiz Vətənindədir, heç bir fərqi yoxdur”. 

Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı çıxış edərək bildirib ki, o vaxt iki yerdə qurban kəsilmişdi. Onun sözlərinə görə, Bakıda kəsilən qurban şəhərin işğaldan azad olunmasına görə idi. İstanbulda isə Qafqaz İslam Ordusu zəfərinə qurban kəsilmişdi: “İndi Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ənvər və Nuru Paşaların, bütün şəhidlərimizin ruhu şad olsun”.

Əli bəy Hüseynzadənin nəvəsi Cəmilə xanım isə Azərbaycana sülh arzulayıb: “Bütün torpaqlarımız azad edilib. Bu barədə danışanda kövrəlirəm... İndi Əli bəy Hüseynzadənin də ruhu şaddır. Təəssüf ki, onun övladları dünyasını dəyişib. Onların da ruhu şaddır”. 

Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan Qarabağ zəfərinə görə  çox xoşbəxt olduğunu diqqətə çatdırıb: “1918-ci ildə çoxlu təməllər atılmışdı. Şükür ki, indi o təməllər üzərində Azərbaycan müstəqildir. 44 günlük müharibədə şəhid olanlar, həmçinin qazilər azadlıq uğrunda mübarizə apardıqlarının fərqində idilər. Bu gün bütün şəhidlərimizi anmaq üçün toplanmışıq”. 
Türkiyəli qonaqların, Azərbaycan Türk Ocağı rəhbərliyi və üzvlərinin növbəti səfəri Gəncə şəhərinə olub. Türk dünyasının böyük Şeyxi Nizaminin yurdunda bir sıra müqəddəs yerləri ziyarət ediblər. Nümayəndə heyəti əvvəlcə Şeyxzamanlıların tarixi mülkünü ziyarət ediblər. Muzey kimi istifadə olunan mənzil həm də Qafqaz İslam Ordusunun qərargahı kii fəaliyyət göstərib. Evin bir otağında Nuru Paşa yaşayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən Nəsib bəy Yusifbəylinin ata ocağına baş çəkiblər. Nəsib bəy Yusifbəylinin nəvəsi Rıfat bəy Qafqaz İslam Ordusunun gəlişindən söz açıb, qonaqların əyləşdiyi masada vaxtı ilə Nuru paşanın əyləşdiyini deyib. Qeyd olunub ki, onların evi İstiqlal tarixinin yazıldığı önəmli məkanlardandır. 
Ayın 21-də qurbanlar kəsilib və yüzlərlə insana, aztəminatlı ailələrə, qazilərə, keçmiş qaçqın və məcburi kökçünlərə qurban payı verilib. Həmçinin, qonaqlar Qarabağ qaziləri, şəhid ailələri ilə də görüşlər keçiriblər. 

Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı deyib ki, Ənvər bəy 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan oğulları ilə bir yerdə savaşmaq üçün çağırış etmiş, öz istəyini bildirmişdi:

“Əlbəttə, bəzi prosedurlara görə bunun reallaşması mümkün olmadı. Amma Ənvər bəy bu istəyi ilə Azərbaycan dövlətinin və xalqının yanında olduğunu, öz mənəvi dəstəyini göstərmiş oldu”. 

Ənvər Paşanın nəticəsi Ənvər Burak da öz növbəsində Azərbaycan xalqını mübarək Qurban bayramı münasibətilə təbrik edib: “Burada olmaqdan, xüsusən qazi qardaşlarımızla birlikdə əyləşməkdən böyük qürur hissi keçirirəm. Türkiyə xalqı ilə Azərbaycan xalqının heç bir fərqi yoxdur. Düşüncələrimiz, məramımız, istəyimiz eynidir. Babam sizi öz qardaşları bildiyi kimi mən də sizləri canı, qanı bir qardaşım sayıram. O zaman öz qardaşı Nuru paşanı Azərbaycana göndərdiyi kimi indi də mən sizinlə görüşə gəlmişəm. Azərbaycan xalqı ilə hər zaman qürur duymuşuq. 44 günlük müharibə zamanı və möhtəşəm Qələbədən sonra xüsusi olaraq sizinlə fəxr edirik. Bizlərə “noldu Paşinyan” sözünü söylətdiyiniz üçün Allah sizdən razı olsun”. 
Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan da bəyan edib ki, Türkiyə 44 günlük savaşı həyəcanla və qürurla izlədi: “Üç min şəhidimizə Allahdan rəhmət diləyirik, qazilərə can sağlığı arzulayırıq. Azərbaycanın müzəffər ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarını düşməndən azad etməklə həm ədaləti bərpa etdi, həm də Ermənistana və havadarlarına mesaj verdi. Azərbaycanın möhtəşəm qələbəsi düşmənlərə qorxu saldı. Eyni zamanda qardaş ölkənin gücünü bir daha dünyaya nümayiş etdirdi. Türkiyənin Azərbaycanın yan-yana olmasından, qardaşlığından narahat olan kim varsa, bizim düşmənimizdir. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir. Bir millət, iki dövlətik”. 
Qeyd edək ki, qonaqların Azərbaycana səfəri davam edir.