Həkim-psixoterapevt:“...Sərt qapanmalar ola bilər”

Gün keçdikdə ölkəmizdə koronavirusa yoluxma sayında kəskin artımlar müşahidə olunur. Əslində yoluxma tempi əksər ölkədə yüksələn xətlə gedir. Lakin mövcud durum cəmiyyətimizdə ciddi narahatlıqlara səbəb olmamış deyil.
Dünən Azərbaycanda COVİD-19 infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxmış 3 nəfər isə vəfat edib.

Yoluxmanın birdən-birə 750-yə qalxması təbii ki, ciddi siqnaldır. Maraqlıdır, bu durumda sərt qapanmalar ola bilərmi?

Tanınmış həkim-psixoterapevt Əli Nağıyevin “Sherg.az”a açıqlamasına görə, ilk öncə bir vətəndaş olaraq sərt qapanmaların tərəfdarı deyil:

“Təbii ki, müvafiq orqanlar bu barədə qərar verəcəklər və lazım olduqda sərt qapanmalar ola bilər. Ancaq indiki rəqəmlərlə yox, bundan da artıq yoluxma olarsa, sərt karantinin şahidi ola bilərik. Ona görə də bütün vətəndaşlar aktiv və könüllü olaraq vaksinasiya prosesində iştirak etməlidir. Çünki bütün dünya prakitkası göstərir ki, vaksinasiya yoluxmanı nəzarətə götürmək üçün yeganə metoddur”.