“Ox yaydan çıxıb” – “Sülhə məcburetməyə start verilməlidir”

“Düşmən post- müharibə haqqında danışılan əməkdaşlığa yaxın durmur, sülh və sabitliyi istəmir”

“Ona elə zərbə endirilməlidir ki, ağlı başına gəlsin”


Bu gecə saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə düşmənin davam edən təxribatları  barədə “Sherg.az”a danışdı: 



“Ermənistanın 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında əməl etmədiyi açıq görünür. Düşmən post- müharibə haqqında danışılan əməkdaşlığa yaxın durmur, sülh və sabitliyi istəmir. Əlbəttə, İrəvanı təhrik edən Qərblə Moskvadır. Ermənistanın əsas məqsədi sərhədlərin müəyyənləşməsinə mane olmaq və öz şərtlərini ortaya qoymaqdır. Nə qədər ki, razılıqlara əməl olunmayıb, provokasiyalar davam edəcək”.

M.Əsədullazadə, həmçinin rəsmi Bakının hansı addımları atmalı olduğunu söylədi:

“Biz ilk növbədə vasitəçi tərəf kimi Rusiya ilə Ermənistanın təxribatlarını müzakirə etməliyik. İkinci bir tərəfdən isə, sülhə məcburetmə əməliyyatlarına start verilməlidir. Adekvat cavablar intensivləşməlidir. Düşmənə elə zərbə endirilməlidir ki, ağlı başına gəlsin”.