Bakı Kreml üçün önəmlidir: "Sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir"

“Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür”. Bunu Sherg.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib. 

Analitik bildirib ki, prezidentlər İlham Əliyevin və Vladimir Putinin görüşündə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi olub: 

“Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezident İlham Əliyev də ayrıca olaraq qeyd etdi. Ölkə başçısı çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər. Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir. Prezidentin "Valday" Klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur”. 



Politoloq: "Cənubi Qafqazda Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə Azərbaycandır" 


E.Mirbəşiroğlu vurğulayıb ki, Rusiya Azərbaycanı etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir: 

“Rusiya nümayəndəsinin AŞPA-ya qayıtması məsələsi ilə bağlı səsvermə keçirilən zaman Ermənistan tərəddüdlü mövqe nümayiş etdirdiyi halda, Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətiyyətli mövqeyi ilə dəstək nümayiş etdirdi. Rusiya tərəfi aydın nümayiş etdirir ki, Azərbaycanla yaxından əməkdaşlıq onun həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verir. Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır. Rusiya həm də regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunu qəbul edir. Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır. Xüsusilə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması əlavə uğurlu əməkdaşlıq platforması kimi nəzərdən keçirilməlidir”.