Deputat yeni Baş nazir haqqında danışdı: "Enerjili olması daha fəal işləməsinə kömək edəcək"

“Dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması üçün kadr sahəsində uğurlu islahatlar aparılır”.

Bunu Sherg.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, yeni Baş nazirimiz ölkə Prezidentinin rəhbərliyi altında yürüdülən sosial iqtisadi islahatların daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verəcək: 

“Azərbaycanın yeni Baş naziri vəzifəsinə Əli Əsədovun təyinatı Prezident İlham Əliyevin səlahiyyətlərinə daxildir. Prezident ölkədə aparılan islahatları nəzərə alaraq, bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürüb. O, bu məqsədlərə daha tez nail olacaq. Milli Məclis də bu təyinata razılıq verib. Bundan əvvəl də biz Prezidentin apardığı kadr siyasətinin uğurlu olmasının şahidi olmuşuq. Əminəm ki, yeni Baş nazirin enerjili olması daha fəal işləməsinə kömək edəcək”. 

Parlament üzvü əlavə edib ki, bu gün ölkəmizdə geniş islahatlar həyata keçirilir: 

“Bu islahatlar onun rəhbərliyi altında daha da genişlənərək yeni sahələri əhatə edəcək. Hazırda Baş nazir vəzifəsinin icrası zamanı əsas şərt effektivlik, qarşıya qoyulan məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır”.