Perez Ayestaran: "Qoşulmama Hərəkatının Gənclər Sammiti çox önəmli təşəbbüsdür"

Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çox önəmli təşəbbüsdür. Bu təşəbbüs nəinki Venesuela, həmçinin Qoşulmama Hərəkatına digər üzv ölkələr tərəfindən də yüksək qiymətləndirilir. İnanıram ki, bu tədbir həm də Azərbaycan Hökumətinin beynəlxalq aləmdə gənclərin rolunu inkişaf etdirmək istiqamətində gördüyü işin yüksək qiymətləndirilməsinin sübutudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edən Venesuelanın BMT-dəki daimi nümayəndəsi Joaquin Perez Ayestaran deyib.

O qeyd edib ki, bu platforma təkcə siyasi problemlərin deyil, həm də dünya ölkələrinin üzləşdiyi sosial və iqtisadi problemlərin həlli istiqamətində müzakirələr aparmağa və onların həlli yollarını tapmağa kömək edir. Hər bir ölkədə cəmiyyət həyatında gənclərin rolu böyükdür. “İnanırıq ki, həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycan Qoşulmama Hərəkatının əsas məqsədlərinə nail olmaq istiqamətində, Hərəkatın fəaliyyətinin təkmilləşdirilməsi prosesində irəliləyişə nail olmaq üçün bütün səylərini səfərbər edəcək və bu platformaya yeni elementlərin gətirilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Venesuela nümayəndəsi əlavə edib.