Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib

Azərbaycanda digər dinlərə aid icmaların qeydiyyata alınması, onların ölkəmizdə sərbəst formada fəaliyyət göstərməsi ölkəmizin dini məsələlərə tolerant münasibət göstərməsinin nəticəsidir.

Bu fikri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Onlardan 907-i İslam, 35-i qeyri-İslam dini icmalarıdır. Prezident İlham Əliyevin sərəncamı ilə hər il dini konfessiyalara maddi dəstək ayrılır. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə müsəlman dini icmalarına yardımlar göstərilir. Məscidlərdə çalışan din xadimlərinə də maddi yardım göstərilir.

Diqqətə çatdırılıb ki, ölkə ərazisində ümumilikdə 2250 məscid var və onların da 136-sı Bakıda yerləşir. Bundan əlavə, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.