Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər yekunlaşdırılıb.
Axar.az xəbər verir ki, Xocəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir.
Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.
Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər daha sonra hamarlayıcı lay asfalt-beton örtüyü düşənməklə profilə salınıb.
Tikinti norma və qaydalarına əsasən Xocəsən-Lökbatan avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri bitən ərazilərdə çiyin hissələr optimal qum-çınqıl qarışığı verilməklə bərkidilməsi işləri də görülüb.
Ümumilkdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb.
Altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolu boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, mövcud səkilər isə bərpa olunaraq asfaltlanıb və kənarlarına 3 min paqon-metr yeni səki daşı düzülüb.
Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.