“Neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunda istifadə olunması balanslı şəkildə ölkənin iqtisadi inkişafına böyük təkan verir. Ona görə də ölkə başçısının söylədiklərində böyük həqiqət var”.
Bu sözləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, ölkəmizdə aparılan hər bir islahatlar labüddür:
“Effektiv işlərin ortaya çıxması, uğurlu iqtisadi layihələrin həyata keçməsi üçün islahatların davamlı olması vacibdir. Təbii ki, Azərbaycanın neft sektorundan əldə olunan gəlirlər və cənab prezidentin qarşıya qoyduğu işlər ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün də nəzərdə tutulub. Bu baxımdan ölkəmizdə qeyri-neft sektorunun inkişafı çox vacib və strateji məsələlərdən biridir. Ona görə də regionlarda açılan istehsal sahələri, yeni iş yerlərinin yaradılması, infrasturuktur layihələrinin yenilənməsi qarşıya qoyulmuş hədəflərə çatmaq üçün kifayət qədər uğurlu prosesdir.
Hesab edirəm ki, əldə olunan iqtisadi gəlirlərin böyük faizi qeyri-neft sektorunun da payına düşməlidir. Bu, aparılan düzgün sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Bundan sonra daha yüksək və qlobal şəkildə proseslərin uğurlu nəticələrini görə bilərik”.