BMT Baş Assambleyasının Prezidenti: "Gənc qızların hüquqları qorunmalıdır"

İkinci Dünya Müharibəsindən sonra yaradılan BMT daim sülh və ədalətin bərqərar olmasına çalışıb. BMT-nin Nizamnaməsi sülh üçün ən böyük zəmanətdir. Biz terrorçuluğa, dağıdıcı müharibələrə qarşı əməkdaşlıq etməklə öz məqsədlərimizə çatmalı və Qoşulmama Hərəkatının prinsiplərini hər zaman uca tutmalıyıq.

Oxu.Az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande deyib.

O qeyd edib ki, dünyada sülhün bərqərar olmasının əsasında Banduq prinsipləri və BMT nizamnaməsi dayanmalıdır: 

“Biz elə həll variantları tapmalıyıq ki, çoxsaylı problemlər həll olunsun və bu, bütün dünya ölkələrini əhatə etsin. Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq”. 

Onun sözlərinə görə, təhsilə çıxışı təmin etməli, işsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqları qorunmalıdır. 

“Gənc qızların təhsilə çıxışı çox vacibdir, bu səylər davamlı şəkildə göstərilməlidir. Eyni zamanda, biz dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq”.