Ölkə ərazisində oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-24° isti, dağlarda gecə 4-9°, gündüz 12-16° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.