“Prezident İlham Əliyev bütün səfərlərdə və görüşlərdə xalqla yaxın ünsiyyət qurur”. Bunu Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, dövlət başçısı regionlara səfəri zamanı insanları tək-tək dinləyir, mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verir:
“Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həlli ilə bağlı göstəriş verilməsi xalq-iqtidar birliyinin ən bariz nümunəsidir. Prezidentin müəyyən çətinliklərlə bağlı əhali ilə birbaşa görüşü çox vacib faktordur. Məlum olduğu kimi Azərbaycanda iqtisadi layihələr çox sürətlə reallaşır. Regionların inkişafına xüsusi diqqət yetirilir, hətta kəndarası yollar belə yenidən salınır. Kifayət qədər uğurlu layihələr həyata keçirilir. Bunların hamısı əhaliyə yüksək səviyyəli xidmət göstərilməsinə hesablanıb”.
Vüqar Rəhimzadə: "Prezidentin müəyyən çətinliklərlə bağlı əhali ilə birbaşa görüşü çox vacib faktordur"
V.Rəhimzadənin sözlərinə görə, bütövlükdə yeni infrastruktur layihələrinin qurulması Azərbaycan modelinin ortaya çıxmasına səbəb olur:
“Məhz bu baxımdan Azərbaycan dünyanın bir çox nüfuzlu təşkilatlarının sorğularında ilk onluqda yer alır. Rəy sorğularında ölkəmizin iqtisadi gücü yüksək qiymətləndirilir. Bu da ondan xəbər verir ki, dövlət başçısının apardığı siyasətin təməlində vətəndaş məmnunluğu dayanır. Prezident vətəndaşlara əsl xidmət nümunəsini ortaya qoyur. Ölkə rəhbərinin öz xalqına olan xüsusi diqqəti və qayğısı, regionlardakı quruculuq işlərinə önəm verməsi xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.