Ali Məhkəmədə bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilib. Məhkəmə qərarı ləğv edib, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellasiya protesti və məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi həm protesti, həm də şikayəti təmin etməyib.
İttiham aktına əsasən, ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.