DİN təkzib etdi: "Arzu olunan, həqiqət kimi qələmə verilib"

Daxili İşlər Nazirliyi bəzi sosial şəbəkələrdə Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd etdiyi son icazəsiz aksiyadan sonra 32 polis əməkdaşının işdən çıxmalarına dair ərizə yazmaları ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar əsasızdır və təxribat xarakterli dezinformasiyalardır.

Cari il oktyabrın 19-da radikal müxalifətin şəhərin mərkəzi hissəsində keçirməyə çalışdığı nə qanunsuz aksiyaya cəhddən əvvəl, nə də sonra respublika daxili işlər orqanlarının nəinki 32, heç bir əməkdaşı tutduğu vəzifədən azad olunmasına dair raportla rəhbərliyə müraciət etməyib, buna görə heç kim vəzifəsindən azad edilməyib.  

O.Mansurzadə qeyd edib ki, müəyyən maraqlı qüvvələr və şəxslər tərəfindən belə böhtan xarakterli məlumatların yayılması, arzu olunanın həqiqət kimi qələmə verilməsi cinayətkarlarla qətiyyətli mübarizə və ictimai asayişin təmini sahələrində üzərlərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirən polis əməkdaşlarını öz qanuni vəzifələrini yerinə yetirməkdən çəkindirməyə hesablanmış növbəti qara “PR”dır. 

Qeyd edək ki, sosial şəbəkələrdə Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd etdiyi son icazəsiz aksiyadan sonra 32 polis əməkdaşının işdən çıxarılması ilə bağlı ərizə yazması barədə məlumatlar yayılıb.