Polis 15 yaşlı qızı qaçıran oğlanları saxladı

Gürcüstanda 15 yaşlı qızı qaçıran üç oğlan saxlanılıb. Oxu.Az xəbər verir ki, hadisə noyabrın 5-də ölkənin Acariya bölgəsində baş verib.

19 yaşlı üç nəfər yetkinlik yaşına çatmayan qızı zorla maşına mindirərək qaçırıblar.

Həmin üç nəfərdən biri qızla evlənmək istəyib. Digər iki nəfər isə həmin şəxsin dostu olub və bu işdə ona kömək ediblər.

Hər üç şəxs məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, 19 yaşlı gəncləri 10 ilə qədər həbs cəzası gözləyir.

Bundan başqa, oktyabrın 15-də də oxşar hadisə baş vermişdi.

Kvemo-Kartli bölgəsində azərbaycanlı əhalinin yaşadığı kənddə məktəbli qız qaçırılmışdı. Onun müəllimi Həmid Sadıqov isə sosial şəbəkədə buna etiraz etmişdi.

Yerli sakinlər isə H.Sadıqovu kəndin mərkəzində hamıdan üzr istəməyə məcbur etmişdilər və bunu videoya çəkib internetdə yayıblar.

İctimai fəalların H.Sadıqova dəstəyindən sonra polis işə qarışıb və qızı qaçıran iki nəfər saxlanılmışdı.