Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir

Noyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Qeyd edildi ki, oxşar mədəniyyəti, adət-ənənələri bölüşən xalqlarımızın dostluğunun qədim tarixi kökləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqların əlaqələrimizin inkişafında mühüm rolu var. Bu günədək ölkələrimiz arasında 90 sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi sahəyə də müsbət təsirini göstərir. 2018-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 133 milyon dolları həcmində olub. Cari ilin 9 ayı ərzində isə bu rəqəm 163 milyona çatıb.

Vurğulandı ki, bu gün Azərbaycan qlobal miqyaslı neft və qaz layihələrinin reallaşmasında, müasir nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edir. Bu sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar var. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Azərbaycanın iştirakı ilə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər fikrimizin sübutdur.

Spiker qeyd etdi ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edirik. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

Xanım Gülşat Məmmədova ölkəmizə səfərinin və burada keçirilən görüşlərin ümumi məqsədlərə xidmət edəcəyinə inamını ifadə etdi. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnunluğunu bildirdi. Qeyd etdi ki, Türkmənistan Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Dilarə Cəbrayılova, hər iki ölkənin səfirləri Həsən Zeynalov, Məkan İşanquliyev və digər rəsmi şəxslər iştirak ediblər.