Rusiyanın Orenburq vilayət məhkəməsində 11 martda Orenburqdan Moskvanın “Şeremetyevo” hava limanına uçan təyyarədə xuliqanlıq edən Azərbaycan vətəndaşına hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin şəxs 2 il bir ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejimli islah-əmək koloniyasında çəkəcək.
O, xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, həmçinin hakimiyyət nümayəndəsini ictimaiyyətdə təhqir etməkdə təqsirli bilinib (Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi və 319-cu maddə).
İstintaq və məhkəmə müəyyən edib ki, azərbaycanlı uçuşdan əvvəl-təyyarə havaya qalxmağa başlayarkən ekipaj üzvlərinə və sərnişinlərə qarşı aqressiv davranmağa başlayıb. Təyyarənin komandiri uçuşu dayandırıb, təyyarəni dayanacağa qaytarıb və onu polisə təhvil verib. Bu zaman sərnişin polisə müqavimət göstərərək qışqırıb.
İstintaq çərçivəsində ən az 40 şahid dindirilib. Hadisə yerində yoxlamalar aparılıb, onun günahını sübut edən lazımi sənədlər və videolar əldə edilib.
Mütəxəssislər Azərbaycan vətəndaşının bu işdə günahkar olduğunu bəyan ediblər.