Elman Nəsirov: “Milli Şura” acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib”

“Azərbaycanda mövcud olan 50 siyasi partiyadan 40-dan çoxu növbədənkənar parlament seçkisində iştirak edəcəyini bəyan edib. Bunların içərisində müxalifət partiyaları da var”. 
     
Bunu Sherg.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

V çağırış Milli Məclisin deputatı vurğulayıb ki, “Milli Şura” acı məğlubiyyət yaşamamaq üçün seçkiləri boykot edib: 

“Onlar çox gözəl dərk edirlər ki, seçkilərdə xalqın etimadını nəinki qazanacaq, heç minimal səs də toplaya bilməyəcəklər. İlk növbədə, qeyri-qanuni mitinq və piket cəhdləri göstərdi ki, xalq tərəfindən onlara heç bir etimad yoxdur. Ümumiyyətlə, Xalq Cəbhəsi Partiyası xalqımızın yaddaşına xaos, anarxiya və hakimiyyətsizlik kimi həkk olunub. Boykot taktikasını o siyasi partiyalar həyata keçirir ki, onların doğrudan da böyuk siyasi gücü olur və bu taktika həqiqətən də cəmiyyətdə rezonans doğurur, seçkilərə ciddi təsir edir. Ancaq “Milli Şura”nın Azərbaycan cəmiyyətində heç bir dayağı olmadığından onların boykot taktikası sadəcə olaraq gülüş doğurur. Şübhəsiz, onların boykot taktikası seçkinin nəticələrinə heç bir təsir göstərməyəcək. Beynəlxalq təşkilatlar seçkidə müşahidəçi kimi iştirak edəcək. Azərbaycan xalqı da mütəşəkkil şəkildə bu seçkilərdə öz mövqeyini ifadə edəcək”.