“ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə prezident Donald Trampa qarşı impiçment proseduruna başlamağa qərar verdi”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, bu qərar Senatda təsdiq olunmalıdır:
“Trampın bəxti onda gətirib ki, üzvü olduğu Respublikaçılar Partiyası Senatda çoxluqdadır. Əksi olsaydı, Ağ Ev sahibinin siyasi taleyi bəri başdan həll olunmuşdu. Donald Tramp Respublikaçılar Partiyasının fəal üzvü sayılmır, heç vaxt Konqres üzvü olmayıb, partiyanın tədbirlərində iştirak etməyib. O, 2016-cı ildə prezident seçkisinə qatılmaq üçün Respublikaçılar Partiyasını seçib.
Politoloq: “Əksi olsaydı, Ağ Ev sahibinin siyasi taleyi bəri başdan həll olunmuşdu”
Respublikaçıların Nümayəndələr Palatasında demokratlara qarşı müqaviməti və prezidenti hücumlardan qorumağa çalışmaları, o cümlədən Senatdakı səsvermədə Ağ Ev sahibini dəstəkləməsi Donald Trampı partiyasına daha çox bağlayacaq. Nəticədə prezident partiyasına borclu qalacaq. Əgər ikinci dəfə prezident seçilərsə, təyinatları partiyasının başında dayanan şəxslərlə razılaşdırmalı olacaq. Məsələ ondadır ki, Demokratların Trampa qarşı “səlib yürüşü”nə başlaması amerikalıların bir qisminin xoşuna gəlməyib, Ağ Ev sahibinin reytinqi bir az artıb”.