Milyonlar qazanıblar: İndi də sahibkarın borcudur ki, öz işçilərini qorusun!


Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi sosial təcrid qaydaları qüvvədədir və qaydalara riayət etmək hər birimizin  vətəndaşlıq borcudur.



Bu günlərdə vacib tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əmək haqqı saxlanılmaqla bir aylıq növbədənkənar məzuniyyətə göndərilən nazirlik, komitə, idarə, müəssisələrin siyahısı açıqlandı.  Lakin iş rejimi sahibkarlardan asılı olan vətəndaşlarımız da var. Özəl sektor sanki bu qaydalar "bizə işləməz” prinsipi ilə hərəkət edir. Qeyri-ərzaq mallarının satışı ilə məşğul olan ticarət mərkəzləri bağlandığı halda kiçik və orta satış obyektlərində bu, müşahidə edilmir. Eləcə də məlumdur ki, günəmuzd çalışanlar da var (tikinti sektoru, kafe-restoranlar, firmalar, şirkətlər) . Hərçənd kafe və restoranların iş saatları azaldılıb, lakin bu, əsasən işçilərin ziyanınadır. Çünki işçilərə günəmuzd haqqı müştəri sayına görə təyin edilir. Məsələn, adi günlərdə zəhmət haqqı 10-12 manat olan işçiyə indi “görürsünüz ki, müştəri yoxdur” deyib ya heç pul ödəmir, ya da 2-3 manat ödəyirlər. Koronavirusun zərbəsi belədə daha çox özəl sektora dəyir. Hazırkı vəziyyətdə özəl sektorda çalışanlar hansı qaydalarla işləməlidir?

İqtisadçı Elçin Bayramlı “Şərq.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:     

-Bu məsələyə bir qədər ədalətli yanaşmaq lazımdır. O təriflənən kapitalizm, bazar iqtisadiyyatı deyilən şey budur. Dövlət yalnız öz strukturlarını idarə edir, qalan sahələrə sadəcə nəzarət edir. Yalnız hər şeyin dövlətə məxsus olduğu ölkələrdə dövlət hamının əvəzinə hər şeyi edir. Biz bu sistemdə yaşamışıq vaxtilə. Hər şey dövlət balansında, bütün gəlirlər dövlətə gedirdi, dövlət də o büdcədən hər şeyi təmin edirdi. Özəlləşmə ilə demək olar ki bütün sahələr keçdi şəxsi mülkiyyətə, bütün zavodlar, fabriklər, müəssisələr və s. Əvvəl onların gəliri dövlətə gedirdi, dövlət də oradan hər yerə xərcləyirdi, indi o gəlirlər, məsələn, Mamed müəllimin cibinə gedir və dövlətin də borcu deyil onun əvəzinə onun işçilərinə maaş vermək və sair yardımlar etmək. Bu, Mamed müəllimin borcudur. Yəni, şirkətlər, firmalar, özəl sektora aid təsərrüfatlar və müəssisələr öz işçilərinin 1-2 aylıq maaşını ödəməklə karantin müddətində qorumuş olar. Bunu etməyə borcludurlar. Çünki illərlə o işçiləri işlədib, onlar üzərindən milyonlar qazanıblar. İndi o pulların az bir hisəsini xərcləmək vaxtıdır. Bu həm də vətəndaşlıq, insanlıq borcudur.

Məlahət Rzayeva