"Prezident  diplomatiya, döyüş və informasiya cəbhəsinin ən güclü sərkərdəsi olduğunu  təsdiqlədi” - Millət vəkili 

“Ali Baş Komandan İlham Əliyev müharibənin başladığı ilk andan etibarən həm siyasi, həm də informasiya müstəvisində Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinin diqqətinə çatdırır”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, ölkə başçısının Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın edib: 

“Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Ermənistanın baş naziri müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27- dən əvvəl  videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə də məlumat vermişdi. 40 gündür ki, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə yenidən özü üçün münbit informasiya mühiti yarada biləcəyi xülyası alt-üst olub. Çünki cənab Prezident mütəmadi olaraq dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrində erməni məkri, Nikol Paşinyanın faşizm ideologiyasına sadiqliyi, nasizmə xüsusi meyilliyi barədə faktlara əsaslanaraq məlumatlar verərək onların bütün planlarını ifşa edib. Prezidentin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibəsində də irəli sürdüyü əsas tezislərin yenidən diqqətə gətirilməsi Ermənistanın iç üzünü açıb”.

Parlament üzvü qeyd edib ki, cənab Prezidentin ordumuzda guya muzdluların olması barəsində ermənilərin uydurduqları feyk məlumatları rədd edərək, bütün bunların böhtan və dezinformasiya oduğunu bildirməsi bir daha həmsədr ölkələrə ünvanlanmış sərt mesaj idi: 

“Bununla da dövlət başçısı müdrik sərkərdə kimi ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etdi. Bugünki reallıq ondan ibarətdir ki, Azərbaycan ordusu hər gün addım-addım zəfər yürüşünü davam etdirir. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi: - Azərbaycan milli ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə kəsə bilməz. Bizim şanlı, müzəffər ordumuz var və ölkədə tam səfərbərlik elan edilsə bundan bir neçə dəfə çox döyüşçü toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Buna görə də bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Beləliklə, cənab Prezident müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin ən güclü sərkərdəsi, uzaqgörən siyasətçi və dünyada gedən prosesləri dərindən izləyən hazırlıqlı şəxsiyyəti olduğunu bir daha təsdiqlədi”.