Putin Paşinyanı qorumaq zorundadır

Baş nazirin devrilməsi Moskvaya başağrısı olar

Ermənistanda Paşinyan yeganə adamdır ki, üçtərəfli sazişin qarantı sayılır


Rusiya Prezidenti Vladimir Putin KTMT-nin iclasında Ermənistan baş naziri Nikol Paşinyanı müdafiə edib. Kreml rəhbəri bildirib ki, indiki məqamda baş nazirə dəstək göstərmək vacibdir. Onun fikrincə, məhz Paşinyan bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb: “O, öz üzərinə bu məsuliyyəti götürüb. Bizim işimiz indi baş naziri və onun komandasını dəstəkləməkdir ki, dinc yaşayışın təmin olunmasına və qəbul olunmuş qərarların icrasına nail olunsun”. Məlumdur ki, Ermənistanda Paşinyana qarşı güclü etirazlar var və baş nazir hər gün istefaya çağrılır. Hətta onun yerinə müxalifətdən vahid namizəd də müəyyən olunub.

Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə yeni gələndə ümumi rəy belə idi ki, o, Sorosun və Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Bu da Rusiyada müəyyən qədər narahatlıq doğururdu. Paşinyan Putinin dostu Robert Koçaryanı həbs etdirmişdi. KTMT-nin ozamankı baş katibi olan erməni general Xaçaturovu da həbsə atmışdı. Bu və digər addımlar Rusiyada qıcıq oyatmışdı.

Müəyyən fikirlər var idi ki, Rusiya Nikol Paşinyanı devirmək istəyir, buna fürsət yaranmasını gözləyir və s. Amma görünür, müharibə bitdikdən sonra durum dəyişib. Ola bilsin, Rusiyada hansısa dairələrin, siyasi ekspertlərin yenə də Paşinyandan zəhlələri gedir və devrilməsi haqqında müxtəlif fikirlər söyləyirlər.

Ancaq Vladimir Putinin mövqeyi müvəqqəti də olsa dəyişib. Ekspertlərin fikrincə, kapitulyasiya aktını Putin Paşinyana imzalatdırıb, indi Paşinyan baş nazir kimi imzaladığı sənədin tələblərini yerinə yetirməlidir. Bunun üçün də Putin Paşinyanın hakimiyyətdə qalmasını lazım bilir və hətta qalması üçün dəstək verilməsinin vacibliyindən danışır. 

Rusiya rəhbərinin açıqlamalarını “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, Paşinyan üçtərəfli Bəyanatın əsas təminatçılarından biridir. Ekspert vurğulayıb ki, saziş rus sülhməramlılarının Qarabağda 5 il müddətində qalmasını özündə əks etdirir. Ona görə də Rusiya proses tam başa çatana qədər Bəyanatın bəndlərinin həyata keçməsində maraqlıdır:

“Azərbaycan tərəfi müddəaların reallaşması ilə bağlı təminatını verir. Amma Ermənistanda vəziyyət qarışıqdır. Baş nazirə qarşı etirazlar var və kapitulyasiyaya razılıq verdiyi üçün istefası tələb olunur.

Müxalifət isə gizlətmədən bəyan edir ki, hakimiyyətə gələcəkləri təqdirdə razılaşmanı qəbul etməyəcəklər və yeni təşəbbüslər irəli sürəcəklər. Hansısa arzuolunmaz dəyişiklik Rusiyaya lazım deyil. Ermənistanda Paşinyan yeganə adamdır ki, üçtərəfli sazişin qarantı sayılır. Onun devrilməsi Moskva üçün başağrısı deməkdir.

Hətta hakimiyyətə qərbpərəst yox, Rusiyaya meyl edən siyasətçi gəlsə belə müzakirələr günlərlə davam edəcək, problemlər ortaya çıxacaq. Kreml isə Ermənistana çox vaxt sərf etmək, ermənilərin nazı ilə oynamaq istəmir. Paşinyanın bir müddət hakimiyyətdə qalması daha sərfedicidir. Siyasət dəyişkəndir.

İndiki məqamda Paşinyan lazımlıdır, amma yarım ildən sonra baş nazirə ehtiyac qalmayacaq”.