Makronun Ermənistan səfəri:"Bu, Cənubi Qafqazda sülhə təhdiddir"

“Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdiddir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, ümumiyyətlə, bu səfər Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başlanmasına mane olmaq və bu ölkədə revanşizmin qızışdırılmasına töhfə verməkdir: 

“Belə həssas dönəmdə Makronun İrəvanda verəcəyi mesajlar Ermənistan xalqını nəzəri cəhətdən razı salsa da, strateji baxımdan əleyhinə işləyəcək. Çünki, ermənilər Paşinyana səs verməklə ondan ölkəni dərin siyasi-iqtisadi və sosial böhrandan çıxarmasını gözləyir. Bu da təbii ki, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından keçir. Amma son günlərdə Ermənistan ətrafında cərəyan edən proseslər, Rusiya, ABŞ və Fransanın təhrikedici addımları Ermənistan hakimiyyətində sülhə deyil, böhranın davam etməsinə səbəb olub. Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatları, ABŞ dövlət katibi Blinkenin İrəvana zəngi, Minsk Qrupunun fəaliyyətinin bərpası və “əsir” məsələsinin müzakirəsi Azərbaycana qarşı demarşdır. ABŞ və Fransa erməni lobbisinin vasitəsilə Ermənistanı öz yanına çəkməyə çalışır. Rusiya da öz geosiyasi maraqları çərçivəsində Ermənistana dəstək verir. Nəticədə baş verənlər post-münaqişə dövründə sülh və əməkdaşlığa zərbə vurur”. 

Ekspertin fikrincə, Fransa prezidentinin Ermənistana səfərindən sonra Paşinyan Azərbaycan və Ermənistan arasında atəşkəsin mütəmadi pozulmasına gedəcək: 

“Paşinyan sülhə hazır olmadığını elan edəcək. Bu isə Ermənistanın yox, Paris və Moskvanın maraqlarından çıxış etməkdir. Göründüyü kimi, Ermənistan kimi forpost ölkədə müstəqil siyasət yeritmək mümkün deyil. Növbəti dəfə Minsk Qrupunun hər üç həmsədri Ermənistan və Azərbaycan arasında sülh imkanlarına zərbə vurur. Makronun səfəri böhranın qızışdırılmasında katalizator rolunu oynayacaq. Rusiya və Fransa Türkiyənin Cənubi Qafqaz siyasətindən narazıdır. Əgər Ermənistan danışıqlara başlamasa, blokada aradan qaldırılmasa Paşinyanın islahatlar anonsu nəticə verməyəcək”.