Anti-türk güclər aranı qarışdırır

Qısa zamanda meşələri yandıran terrorçuları və onların arxasında duranları tam ifşa edəcəklər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə televiziyalarına müsahibəsində günlərdir davam edən meşə yanğınları ilə bağlı bir sıra məqamlara toxunub. Ərdoğan yanğınlarda terror şübhəsinin olduğunu bəyan edib: “Yanğınlarda terror, təxribat şübhəsilə əlaqədar hazırda polis və kəşfiyyat təşkilatlarının araşdırmaları davam edir. Bu məsələ ilə əlaqədar əvvəldən narahatlıqlarımız vardı. Ehtimallarımız doğru çıxdı. Saxlanılan şübhəlilər arasında həbs olunanlar oldu.

Həbs olunanların ailələrinin PKK ilə əlaqəli olduğunu da öyrəndik. Ötən il Hatayda baş verən meşə yanğınları zamanı belə faktlar olub, bunu çox açıq şəkildə yaşadıq. Keçən il bunu yaşadığımız halda, bu il yaşamadıq demək doğru olmaz. Belə bir məsələ var, ya yox, bütün polis qüvvələrimiz, istihbaratımız bunu araşdırır. Varsa, təbii ki, bunun üzərinə gedəcəyik”. Xatırladaq ki, PKK-ya yaxınlığı ilə bilinən “Alovun uşaqları” adlı təşkilat Türkiyənin müxtəlif bölgələrində baş vermiş yanğınların məhz onlar tərəfindən törədildiyini etiraf ediblər. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən prosesləri çox düzgün qiymətləndirdi. Eyni zamanda bu cür məsələlərin həddindən artıq ictimailəşməsinin tərəfdarı olmadığını büruzə verdi:

“Bu, ölkə daxilində qarşıdurma yarada biləcək, Türkiyənin çoxsaylı xarici düşmənlərini aktivləşdirəcək olaydır. Əslində Türkiyədə bu cür təxribatların olacağı əvvəlcədən gözlənilən idi. Türkiyə bir çox məsələlərdə dünya siyasətini yönəldən dövlətə çevrilib. Sadəcə Yaxın Şərqdə, yaxud türk dünyasında deyil, eyni zamanda islam aləmində də söz sahibidir. Əlbəttə, bunu arzulamayan qüvvələr var və onların başında erməniləri dəstəkləyən dövlətlər – Fransa və Yunanıstan durur. Bu və ya digər formada İranla, Rusiyanı da bura əlavə etmək olar. Livan da bu prosesin əsas iştirakçılarındandır. Türkiyənin Şimali İraqda, Suriyada, Liviyada, Əfqanıstanda həyata keçirdiyi missiyalar, 44 günlük Qarabağ savaşında Azərbaycanın yanında olması ermənisevər qüvvələrin yuxusunu qaçırıb.

Digər yandan Türkiyə son illər ərzində iqtisadi sahədə böyük yol qət edib. Qarabağ savaşı Türkiyənin hərbi sahədə də kifayət qədər öndə olduğunu sərgilədi. Dünyada bütün siyasi maraqlar iqtisadiyyat üzərində qurulur və əsasən silah satışı üzərindən formalaşır. Türkiyə dünyanın silah bazarında ilk üçlüyə daxil olmağı bacardı. Halbuki, uzun müddət qardaş ölkə heç onluğa belə düşə bilmirdi.

Silah mafiyaları Türkiyənin böyüməsindən ciddi narahatlıq duymaqdadır. Eyni zamanda şimal-cənub qonşularımız da Türkiyənin söz sahibinə çevrilməsindən, türk dünyasının liderinə çevrilməsindən təşvişə düşürlər. Jirinovski kimi adamları danışdıran, İranın Ermənistandakı səfirini sərhədə aparan səbəblər də bunlardır”.

C.Nuriyev qeyd edib ki, Türkiyə bu il böyük açılımlar edərək, turizm sahəsində bir neçə pillə önə keçmişdi:

“Bu məqam Avropa dövlətlərini, bəzi müsəlman ölkələrini ciddi düşündürürdü. Türkiyə daxilində FETÖ və PKK kimi anti-türk güclər var və gizli fəaliyyət göstərirlər. Məhz onların vasitəsi ilə Türkiyəni çökdürmək, iqtisadi baxımdan zəiflətmək, geri salmaq üçün yanğın təxribatına əl atdılar. Türkiyədəki yanğın sadəcə oradakı meşələri tələf etmir, bütövlükdə dünyanın oksigen bazasını azaldır.

Türkiyənin təhlükəsizlik qüvvələri yaxşı işləyirlər. Qısa zamanda meşələri yandıran terrorçuları və onların arxasında duranları tam ifşa edəcəklər. Əslində artıq hamı bilir ki, indiki məqamda onları maliyyələşdirən Fransa və Türkiyədəki erməni əsilli iş adamlarıdır.

Əminəm ki, bunun arxasından İspaniya, Yunanıstan, Argentina, Rusiya və İrandakı erməni biznesmenləri də çıxacaq”.