Ermənistanın ekoloji terroruna təzyiq göstərilmir

Ekologiya və ətraf mühitin mühafizəsi

Oxçuçay, Cənubi Qafqazın ikinci ən böyük çayı olan Araza birbaşa axır. Buna görə də, Araz Oxçuçayın çirklənməsindən birbaşa təsirlənir

30 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu dövr ərzində ətraf mühitə də sağalmaz zərər vurduğu göz önündədir. Ətraf mühitin çirklənməsi, şirin su ehtiyatlarının tükənməsi və təbiətə amansız münasibətin səbəb olduğu qlobal istiləşmənin müharibədən daha böyük təhlükə yaratdığı bəllidir. Onilliklər boyu işğal altında olan Azərbaycan torpaqlarında su anbarlarından, meşələrdən və digər təbii sərvətlərdən nəinki qanunsuz, hətta vəhşicəsinə istifadə ətraf mühitə və insanlara ciddi ziyan vurub. Bölgədəki ən əhəmiyyətli ekoloji problemlərdən biri transsərhəd Oxçuçay çayının Ermənistan tərəfindən çirkləndirilməsidir. 

Uzunluğu 84 kilometr olan Oxçuçay, Zəngəzur silsiləsinin yamaclarından başlayır və 44 günlük müharibə zamanı işğaldan azad edilmiş Şərqi Zəngəzurdan axır. Oxçuçayın sahilində ermənilərin iki mədən zavodu var. Onlardan biri Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur Mis-Molibden Kombinatı, ikincisi isə Ermənistanın cənub-şərqindəki Qafan şəhərindən 1,5 km şərqdə, Oxçuçay çayının aşağı axınında yerləşən Qafan mədən və emal zavodudur. Son on ildə Ermənistan fabriklərindən ağır metalların sızması səbəbindən Oxçuçay çirklənmə mənbəyinə çevrilib.

 Şərqi Zəngəzur azad edildikdən sonra Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayın suyunun analizini aparıb. Oxçuçayın çirklənmə səviyyəsinin digər sərhəd çaylarından daha yüksək olduğunu müəyyən edib. Nikelin tərkibi yeddi, dəmir-dörd, mis-molibden tərkibi iki dəfə çoxdur. BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) 2007-ci ildə Oxçuçay çayı sisteminin ekoloji və kimyəvi vəziyyətini “həyat üçün yararsız” olaraq xarakterizə edərək, bunun əsas səbəbinin sənaye müəssisələrinin fəaliyyəti olduğunu bildirib. 

Bunu Ermənistan Ekologiya Nazirliyinin məlumatları da təsdiqləyir. Mövcud məlumatlara görə, Oxçuçay Ermənistanın ən çirkli çaylarından biri hesab olunur və beşinci çirklənmə sinfinə aiddir - ən yüksək çirklənmə səviyyəsi. Erməni mütəxəssislərin araşdırmaları çayların çirklənməsinin əsas səbəblərinin qeyri-kafi nəzarət və planlaşdırma, düzgün istismar olunmamağı və tullantıların davamlı idarə edilməməsi olduğunu göstərib. Suyun çirklənməsi çayın ekosistemini dəyişib, müxtəlif növ balıqlar ölüb, bəzi növlər tamamilə yox olub. Oxçuçaya atılan metallar yaxınlıqdakı çayları da çirkləndirib. Oxçuçay, Cənubi Qafqazın ikinci ən böyük çayı olan Araza birbaşa axır. Buna görə də, Araz Oxçuçayın çirklənməsindən birbaşa təsirlənir.

 İranlı mütəxəssislərin fikrincə, Ermənistan çayların tamamilə təmizlənməsi üçün obyektləri təmir və yenidən təchiz etməyi öhdəsinə götürsə də, hələlik heç bir tədbir görülməyib. Beynəlxalq protokol və konvensiyaların kobud şəkildə pozulması, Oxçuçay və Araz çaylarının çirklənməsi ilə əlaqədar Ermənistana daha çox təzyiq göstərmək lazımdır. Kür çayı sağ qolu olan Araz çayı ilə birlikdə Xəzər dənizinə axan Cənubi Qafqazın ən əhəmiyyətli su yolunu təşkil edir. Bu iki çay Xəzərin su keyfiyyətinə təsir edir, buna görə də onların təmizliyi bütün Xəzəryanı ölkələri narahat edir.

 Xəzər Konvensiyasına görə, sahilyanı dövlətlər Xəzər dənizinin ətraf mühitini və bioloji ehtiyatlarını qorumağa borcludur. Oxçuçay Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm iqtisadi və suvarma mənbəyidir. Bu bölgə azad edildikdən sonra inkişafı üçün əhəmiyyətli bir su mərkəzidir. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, Qarabağda çayların təmizlənməsi üçün yeni layihə həyata keçiriləcək. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Vurğulayıb ki, layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək. Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov də bildirib ki, Oxçuçayın çirklənməsi məsələsi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) diqqət mərkəzindədir. 

O, işğaldan azad edilmiş ərazilərimizdə Ermənistandan keçməklə Azərbaycana daxil olan digər transsərhəd çayların da olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün bu çaylarda yüksək çirklənmə səviyyəsi müşahidə olunur: “Məlumdur ki, çirklənmiş sular Ermənistandan Azərbaycan ərazisinə daxil olur və birbaşa Kür və Araz çaylarına tökülür. Azərbaycan çayların çirklənməsi ilə bağlı vəziyyəti nəzarət altında saxlayır. Müvafiq nümunələr götürülüb və təhlil aparılır”.

Ermənistanın ekoloji terroru ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov deyib ki, ermənilər 30 il ərzində işğalda saxladıqları Azərbaycan torpaqlarında tariximizə, mədəniyyətimizə, ekologiyamıza böyük ziyan vurublar, əsl vandallıq əməlləri törədiblər. Deputat vurğulayıb ki, torpaqlarımız işğaldan azad ediləndən sonra da ermənilər ekoloji terrordan əl çəkməyiblər: 

“Ermənistan tərəfi Araza axan Oxçuçayı sənaye müəssisələrinin zərərli tullantıları ilə çirkləndirməkdə davam edir. Çayların ağır metal tərkibli zərərli tullantıları ilə çirkləndirilməsi suyun florasını məhv edir. O cümlədən yararsız hala düşmüş çaylardakı su kənd təsərrüfatı sahələrinin suvarılmasına da yaramır. Düzdür, müvafiq qurumlarımız çay sularının təmizlənməsi ilə əlaqədar layihələrin icrasını planlaşdırır. Amma əsas məsələ indiki Ermənistan ərazisində formalaşan çaylarımıza zərərli tulantıların axıdılmasının qarşısının alınmasıdır. Yaddan çıxartmamalıyıq ki, hamımız eyni yer kürəsində yaşayırıq. Dünyanın hansısa bir bölgəsində ekologiyaya ziyan vurulursa, bu, ümumi iqlimin dəyişməsinə gətirib çıxarır”. 

A.Badamov vurğulayıb ki, ermənilərin törətdikləri ekoloji terrorla bağlı dövlətimiz beynəlxlaq təşkilatlar qarşısında məsələ qaldırıb: “Təəssüflər olsun ki, ikili standartların mövcudluğundan dünya birliyi Ermənistana heç bir təzyiq göstərmir. Bununla yanaşı biz Ermənistanın Azərbaycana qarşı törətdikləri bütün terrorları sənədləşdiririk. Beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün hüquqi baza hazırlanır. Düşünürəm ki, dünya birliyini gec-tez Ermənistanın özbaşınalıqlarına və ekoloji terrora qarşı hərəkətə keçməyə sövq edəcəyik. Həm də beynəlxalq məhkəmələrdə Azərbaycana vurduqları ziyanlarına görə təzminatların ödətdirilməsinə Ermənistanı məcbur edəcəyik. Ədalət həmişə qalib gəlir. Sadəcə, ədalətin bərpası üçün çox işləməli və çalışmalıyıq”.