Baş nazir ictimai rəyi sakitləşdirir

Erməni diversantlarının qaytarılması Paşinyanın "qırmızı xətt"idir

Əziz Əlibəyli: "Mübadiləyə o zaman getmək olar ki, əvvəlcə xəritələr alınsın, dəqiqlik faizləri yoxlansın"

Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının onlayn görüşündə növbəti dəfə Azərbaycanın əlində olan erməni “əsirlərdən” danışıb. Baş nazir bildirib ki, Ermənistan “əsirlər” qarşılığında Azərbaycana mina xəritələrini verməyə hazırdır. Bununla belə Paşinyan Ermənistanın “təhlükəsizlik maraqlarına” toxunmayan mina xəritələrini verəcəyini bildirib: “Bu, təmiz humanitar məsələdir. Biz onun tez həllinə ümid edirik”. Paşinyan hər fürsətdə, hər tribunada “əsir” məsələsini xüsusi olaraq vurğulayır. Məsələ ondadır ki, Azərbaycan tərəfi minaların qarşılığında “əsirləri” qaytarmağa razılıq verib və iki dəfə bu prosesi reallaşdırıb. 

Amma dövlət başçısı həmin xəritələrin sadəcə 25 faizinin həqiqəti əks etdirdiyini vurğulayıb. Ekspertlərə görə, yenidən İrəvana xəritə məsələsində etimad edilməyəcək. Onların fikrincə, Qarabağda Ermənistanın “təhlükəsizlik marağını qoruyan minalar” anlayışı tamamilə absurd və həyasızlıqdır. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda olan erməni cinayətkarların geri verilməsi məsələsi İrəvanın əlində əsas arqument sayılır və bunu şərt kimi irəli sürürlər. Lakin analitik bu məsələnin Ermənistan üçün “qırımızı xətt” olduğunu düşünmür. Onun fikrincə, erməni diversantların qaytarılması birbaşa Baş nazir Nikol Paşinyanın məsələsidir, yəni onun “qırmızı xətti”dir: 

“Bu, Ermənistan cəmiyyətində Paşinyanın öz mövqeyini leqallaşdırması üçün bir vasitədir. Ermənistanda Paşinyana qarşı revanşist kəsimdən ciddi təzyiqlər edilir. Paşinyan Azərbaycanla bağlı səsləndirdiyi bütün müsbət tonlu açıqlamaların arxasınca bu cür bəyanatlar verməklə ictimai rəyi sakitləşdirməyə çalışır. Müharibədən sonra ələ keçirilən ermənilər birmənalı cinayətkardır və ölkəmizdə məsuliyyətə cəlb ediliblər. Bu məsələ müzakirə mövzusu deyil. Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində qeyri-səmimidir və bunu iki mübadilədə sübut ediblər. Ola bilər, Ermənistanın müvafiq qurumları da mina xəritələrini doğru-düzgün dərc etməyiblər”. 

Ə.Əlibəylinin qənaətincə, mübadiləyə o zaman getmək olar ki, əvvəlcə xəritələr alınsın, dəqiqlik faizləri yoxlansın: 

“Heç olmasa, xəritələrin 70 faizi düz olmalıdır ki, qarşılığında nəsə addım atılsın. Yüzlərlə vətəndaşımız minalara görə xəsarət alıb, həyatını itirənlər var. Ermənistan sərhədi boyunca və işğaldan azad edilmiş ərazilərimizdəki minalanmış sahələrlə yanaşı, bir də ermənilərin kompakt şəkildə yaşadığı bölgə ilə aramızdakı xətt boyunca minalı yerlər mövcuddur. Söhbət məhz həmin üzbəüz nöqtələrdəki mina xəritələrinin verilməsindən gedir. Görünür, erməni tərəfi bunu özləri üçün “təhlükəsizlik qurşağı” hesab edir. Paşinyan “Ermənistanın “təhlükəsizlik marağını qoruyan minalar” dedikdə bunu bir növ müharibədən əvvəlki “Ohanyan xətti”nin simvolik oxşarı kimi dəyərləndirir”.