Türkiyə hərbi təlimlərə başlayır

Azər Rəşidoğlu: "Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri Ankaranın planlarını pozmağa yönəlib"

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırıb. Türkiyə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştirakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. “Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək.
“Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır. “Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir-birinin ardınca birgə təlimlər keçiriblər. Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.

Təlimlərlə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması məhz Ankaranın planlarını pozmağa yönəlib. Siyasi şərhçinin fikrincə, Qafqaz və Şərqi Aralıq dənizi hövzəsi maraqların toqquşduğu bölgəyə çevrilib:

 “Fransa, Yunanıstan, İsrail, Misir, Türkiyə və ABŞ bölgə uğrunda savaşa başlayır. Əsas hədəf regionun enerji ehtiyatlarının bölgüsü ilə bağlıdır. Yunanıstan   Şərqi Aralıq dənizindəki su sərhədlərini genişləndirmək hesabına oradakı enerji resurslarının demək olar ki, hamısına sahib olmağa çalışır. Bu məsələ Krit, Rodos və Melis adaları ətrafındakı su sahəsinə Türkiyənin buraxılmaması istiqamətində atılan addımlarda ifadə olunur. Afina bunun üçün Kiprin yunan kəsimindən, Misir, İsrail və Avropa İttifaqı faktorundan istifadə etməyə cəhdlər göstərir. ABŞ regiona hərbi güc göndərməklə yanaşı, Kiprin yunan kəsimi üçün öncələr tətbiq etdiyi silah embarqosunu da qismən qaldırmaqla müdaxilə edir. Yunanıstan da Krit, Rodos və Melis adalarına əlavə hərbi qüvvə yerləşdirməyə başlayıb. Fransa  bölgəyə hərbi gəmilər, döyüş təyyarələri göndərməklə yanaşı, Avropa İttifaqını da məsələyə yunan mövqeyindən müdaxilə etməyə təhrik edir. Artıq Almaniya da bəyan edib ki, Avropa İttifaqı Yunanıstanı dəstəkləməlidir”. 

A.Rəşidoğlu bəyan edib ki, Ankara öz quru sərhədlərindən cəmi 2 kilometr məsafədə olan su ərazisinə haqqı olduğunu bəyan edir:

 “Yunanıstanın öz quru sərhədindən 580 kilometr uzaqda olan xırda bir adaya və ətrafındakı su hövzəsinə ifrat iddialı olmasını Türkiyə normal saymır. Beynəlxalq hüquq normaları və dənizlərlə bağlı mövcud olan müqavilələr də müzakirələrin aparılmasını daha doğru sayır. Bir neçə dəfə yunan qırıcıları həmin əraziyə yaxınlaşıb, türk gəmi heyətini qorxutmağa çalışmışdı. Dərhal Türkiyə F-16-ları ilə onları ərazidən uzaqlaşdırdı. Lakin bölgədə gərginlik qalmaqdadır. Bütün bu proseslərdə Türkiyə aparıcı rol oynayır. Ankara Liviya hökuməti ilə imzaladığı sazişi tam yerinə yetirir. Rəsmi Liviya hakimiyyətini qoruyur və onun praktiki fəallığını artırır. Özünün hərbi bazasını qurur və beynəlxalq səviyyədə böyük güclərlə münasibətlərini diplomatik yolla tənzimləyir. Deməli, Şərqi Aralıq dənizində "fransız və yunan əməkdaşlığı"nın meydana gəlməsində rolu olan Liviya məsələsində Türkiyə diplomatik üsulla geosiyasi nüfuzunu artırmaqdadır. Bunun fonunda regionda Türkiyəsiz hansısa böyük layihənin və ya geosiyasi qərarın qəbul edilməsinin mümkün olmadığı aydın görünür. Bütün bunlar geosiyasi əhəmiyyəti olan başqa bir reallığı ortaya qoyur. Türkiyə Yaxın Şərqdə, Şimali Afrikada, Aralıq dənizi regionunda, Balkanlarda və Qafqazda söz sahibi olan gücə çevrilib. Artıq Ankaranı durdurmaq elə də asan deyil”.