Ərdoğan Afrika xalqlarını da qucaqladı

Bu səfər Türkiyənin xarici siyasət maraqlarının əhatəsinin daha da genişlənməsindən xəbər verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrində səfərdədir. Ərdoğan Anqola, Toqo və Nigeriyaya səfər edəcək. O, ilk səfərini Anqolaya edib və parlamentdə çıxışı zamanı bir sıra məqamlara toxunub. Türkiyə lideri inkişaf yolunda dost Anqolanın yanında olmağa davam edəcəklərini bildirib. Ərdoğan vurğulayıb ki, Afrika xalqlarının müstəqilliyini, azadlığını və bərabərlik sahəsində əldə etdiklərini qəbul edə bilməyənlər var: “Son vaxtlar elə şeylərin təkrar gün işığına çıxdığının şahidi oluruq. 

Türkiyə olaraq Afrika qitəsinə qərb mərkəzli şərqçi yanaşmaları rədd edirik. Afrika qitəsindəki bütün xalqları ayrı-seçkilik etmədən qucaqlayırıq”. Türkiyənin Afrikada 43 səfirliyi ilə təmsilçilik fəaliyyətini həyata keçirdiyini qeyd edən Ərdoğan paytaxt Ankarada səfirlikləri olan Afrika ölkələrinin sayının 37-yə çatdığını qeyd edib. Ərdoğan Türkiyənin tarixi, mədəniyyəti və xalqı ilə birlikdə Afrika qitəsinin zənginliyi və potensialından xəbərdar olduğunu söyləyib. 

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı məzlumların, müsəlmanların lideri kimi qəbul olunur. Analitik vurğulayıb ki, Yaxın Şərq, Asiya və Afrika ölkələrində Ərdoğana böyük simpatiya bəslənilir: 

“Ərdoğanın Afrika dövlətlərinə səfəri diqqətlə izlənilir. Afrika qitəsi Türkiyənin maraqlarının əhatə olunmasında və genişlənməsində mühüm rola malikdir. Türkiyə Livanda, Sudanda və başqa ölkələrdə öz mövcudluğunu daha da gücləndirir, hərbi bazaların sayını artırır. İndiki məqamda Ərdoğanın Mərkəzi və Cənubi Afrika ölkələrinə səfərə çıxması Türkiyənin xarici siyasət maraqlarının əhatəsinin daha da genişlənməsindən xəbər verir. Nəzərə alaq ki, Nigeriya əhali baxımdan Afrikanın ən böyük ölkəsidir. Neftə sahib olduğu üçün qitənin önəmli dövlətlərindən sayılır. Portuqaliyanın keçmiş müstəmləkəsi olan Anqolanın da başı çox bəlalar çəkib, ölkə vətəndaş müharibəsindən çıxıb. Qardaş ölkənin Afrika “açılımı” təkcə siyasi yox, həm də iqtisadi maraqlara xidmət edir. Məsələ ondadır ki, hazırda dünyanın super gücləri Afrika bazarı uğrunda ciddi mübarizə aparır. Ən ciddi mübarizə aparan ölkələrdən biri Çindir. Artıq Türkiyə də bu rəqabətdə yer alacaq”.