Bakı da belə ola bilər (di)


Budapeşt insan yönümlü əsl şəhər nümunəsidir

   “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi, bloger-urbanist Anar Əliyev Macarıstanın paytaxtı Budapeştə səfər edib. Şəhərdə gördüklərini, müşahidə etdiklərini videogörüntüyə alan A.Əliyev reportajını feysbuk hesabında, həmçinin Youtub.com  kanalında da paylaşıb. Feysbuk səhifəsindəki paylaşımına A.Əliyev “Budapeşt gözəl şəhərdir. Məncə ona geniş reportaj həsr etməyə dəyər. Budapeşt insan yönümlü əsl şəhər nümunəsidir. Maraqlı olsa, izləyə bilərsiniz” sözlərini əlavə edib. Reportaj “Budapeşt. Bakı da belə ola bilərdi”, başlığı altında verilir. 

   Reportajı izləyəndə sevimli Bakımıza adamın yazığı gəlir. Gözəlliyi ilə Budapeşt kimi neçə-neçə şəhərin “dizini yerə qoyacaq” Bakının ən böyük dərdi, deməli, insan yönümlü şəhər olmamasındadır. Nədir insan yönümlü şəhər olmaq? Şəhər sakini evdən işə, işdən evə rahat gedib-qayıda bilirsə, avtomobilini rahatca “parkovka” edə bilirsə, “parkovşik”lərlə çənə-boğaz olmağa ehtiyac qalmırsa,  kartla işləyən avtobusa orta qapıdan minəndə sürücünün “ay xanım, düş aşağı, gəl kartı vur! Qabaq qapıdan min!” əmrini eşitmirsə, maşın yolunu keçmək istəyəndə sağa-sola baxmaqdan boynu əyilmirsə, sürücüyə “mən ölüm, əylə, yolu keçim”, işarəsi ilə yalvarmırsa, yol kənarında dayanmış avtomobil və taksilərin arxadan gəlib onu vura biləcəyi qorxusu yaşamırsa, avtobusa minmək üçün yolun hərəkət hissəsi ilə qaçıb həyatını təhlükəyə atmırsa... (nə qədər qeyd edim hələ - M.R.) və sair... kimi hallar yoxdursa, deməli, bu şəhərdə hər bir detal vətəndaşın rahatlığının təmini üçün nəzərə alınıb. İnsanlar şəhər infrastrukturundan rahat şəkildə faydalana bilirlər. Deməli, şəhər insanın üstünə gəlmir, insan şəhərlə mehribancasına qovuşur. Budapeşt məhz belə şəhərdir. Anar Əliyevin reportajına ona görə yer ayırdıq ki, bəlkə Bakı şəhər rəhbərliyi, nəhayət silkələnib ayılsın. Görsün ki, Budapeştlə müqayisədə şəhərimiz nə haldadır. Bəri başdan, “Avropa şəhəridir, onlar həmişə müstəqil olublar. Biz “indi-indi” özümüzə gəlirik”, kimi yersiz bəhanələrə cummayın. Macarıstan varlı-hallı dövlət deyil. Budapeştdə də Bakıdakı kimi milyonluq, milyardlıq yollar, körpülər salınmayıb. Budapeştdə 70 il əvvəlki tramvaylar, trolleybuslar, “İkarus”lar şütüyür ee!.. Amma necə! Anar Əliyevin gözü ilə baxaq. 
56 metr uzunluğunda tramvay

Bakıda da kaş belə tramvaylar olardı...  

Videomaterialda bloger-urbanist Anar Əliyev “Macarıstanın paytaxtı Budapeştdə bütün hərəkət iştirakçılarını düşünüblər. Şəhərdə ictimai nəqliyyatın 5 növü (metro, avtobus, tramvay, trolleybus, taksi) fəaliyyət göstərir. Dünyanın ən uzun tramvayı da məhz bu şəhərdədir”, deyir. 

A.Əliyev Budapeşt yollarını, küçələrini, ictimai nəqliyyatını belə müşahidə edib:

- Aeroportdan şəhər mərkəzinə gəlmək üçün xüsusi avtobuslar var. 20-30 dəqiqə intervalla işləyirlər. Taksi xidməti də var. Kim hansını istəyir, ona minsin. Budapeştdə yol bölgüsü dəqiqliklə aparılıb. Geniş səkilər, parkinq, velosiped zolağı, avtobus zolağı, tramvay, trolleybus xətləri avtomobillərin hərəkət zolağından ayrıdır.  Avtobusların ayrıca zolağı var. Tıxaca düşmədən fasiləsiz  hərəkət edirlər. Ehtiyac duyulduqda avtobuslar da tramvay zolağından istifadə edir. İki hərəkət zolağından biri mütləq ictimai nəqliyyata ayrılıb. Avtomobillər üçün cəmi 1 zolaq var. Bu, insanları narahat etmir, kimsə “niyə cəmi 1 zolaq”, deyə etiraz da etmir. Çünki bu şəhərdə ictimai nəqliyyata üstünlük verilir. Bir tramvay 100-200 avtomobili əvəz edir. Dünyanın ən uzun tramvayı da məhz Budapeştdədir. Bunlar 40-50 ilin tramvaylarıdır. 9 vaqondan ibarət tramvay  var. 56 metr uzunluğunda! Əməlli-başlı metrodur! Yeni tramvaylar da var, 5 seksiyalı. Kaş Bakıda da belə tramvaylar olardı!..  Trolleybuslar da “sovet dönəmi”ndən qalmadır. Trolleybusların nömrələri 70-dən başlayır. Sovet rəhbəri olmuş Stalinin yubileyi münasibətilə nömrələniblər, o vaxtdan da belə qalmaqdadı. Trolleybuslar naqillərini endirib elektromobil kimi də hərəkət edə bilir. Macarıstanın bir zamanlar məşhur olan “İkarus” avtobusları trolleybuslara dönüşüb.  Köhnəlmiş avtobusları “metalloma” atmayıblar, trolleybusa çeviriblər. Xüsusi olaraq gecə marşrutları fəaliyyət göstərir. Dayanacaqlarda gecə avtobusları qara işarələnib. Yəni axşam 23:00-24:00-dan sonra adamlar 1 manatlıq (artıq 2 manatdır) taksilərin umuduna qalmır.  

Gediş haqqı ucuzdur

Avtobus dayanacaqlarındakı elektron lövhələr hansı avtobusun neçə dəqiqəyə gələcəyini göstərir. İntervallar çıx qısadır. Avtobuslara, həmçinin tramvaylara rahat minmək üçün dayanacaq boyunca bir neçə yerdə “zebralar” çəkilib ki, sərnişinlər avtobus salonuna istənilən – ön, orta və ya arxa qapıdan daxil ola bilsin. Avtobuslar üçün gediş haqqı bankomatlarda doldurulur. Bizimki kimi plastik kartlar deyil. Adi kağız qəbzlərdir. Onları avtobusda cihaza yapışdırmağa da ehtiyac yoxdur. Bu qəbz əlinizdədirsə, sizin ictimai nəqliyyatdan istifadə haqqınız var, deməli. Gediş haqqı qəbzləri günlük, aylıq, saatlıq da almaq olur. Gediş haqqı ucuzdur. Məsələn, tələbələrə limitsiz aylıq gediş kartları verilir. Bir tələbənin aylıq yol xərci bizim pulla 18 AZE təşkil edir.   

Metro 

1896-cı ildə tikintisi başlamış Budapeşt metrosunun köhnə və yeni stansiyaları var. Köhnə stansiyalar çox gözəldi, sanki muzeyə, ya da mənzilə daxil olursan.  Stansiyalar dəmiryol vağzalını da xatırladır. Taxta qapılar, qədim güzgülər. Bəzi metro stansiyalarının girişində nə pilləkən var, nə də eskalator. Küçədən birbaşa metroya daxil olursan. Təbii, sonradan tikilmiş yeni  metrostansiyalar müasir dizayndadır. Metroda 3 vaqondan ibarət köhnə qatar da saxlanılıb və xidmətdədir. Bu vaqon təxminən 70 yaşındadı. Həmçinin modern üslubda – maşinistsiz hərəkət edən metro qatarları da var. 

Keçidlər

Budapeştdə yeraltı və yerüstü keçidlərdə də piyadaların rahatlığı nəzərə alınır. Yeraltı keçidə düşmək istəmirsənsə, piyada zolağı – “zebra”lar vasitəsilə qarşı küçəyə keçə bilirsən. Velosipedlər üçün də ayrıca keçidlər çəkilib. Velosipedlər yolu keçən piyadalara mane olmur. Qarşı tərəfə, yaxud yolun başqa istiqamətinə keçmək üçün metro keçidlərinə enməyə də ehtiyac yoxdur. Piyadalar üçün hər yerdə yerüstü keçidlər təşkil edilib.  Bakıda, xüsusilə “Koroğlu” metrostansiyası ətrafında yolu keçmək üçün mütləq gərək yeraltı keçidə düşəsən. Üst yol yalnız avtomobillərə məxsusdur. O boyda uzunluqda, böyüklükdə keçidlə hərəkət etməksə insanın həyatını rəsmən “qaraldır”. Əlil arabalarının keçidi üçün də hər cür imkan var. İşıqforlarda velosipedlər üçün xüsusi işıq yanır.

Küçələr, səkilər

Budapeştdə ortaq küçə prinsipi mövcuddur. Həm piyadalar, həm də avtomobillər eyni küçə ilə hərəkət edə bilir. Belə küçələrə adətən daş döşənir, çünki daşlı yol maşınların sürətini azaldır. Belə küçələrdə sürət həddi 30-dur. Müasir urbanistik transformasiya metoduna əsasən yolun kənarındakı parkinqlər yığışdırılır, sürət həddi aşağı olsun deyə yolda süni əyrilik yaradılır. Küçələr kvartallara bölünüb. Müəyyən məsafə arasında skamyalar qoyulub. Yorulmusunuzsa, əyləşin, dincinizi alın. Yorğunluğu dəf etmək üçün istirahət parkı axtarmağa ehtiyac qalmır. Ara yollardakı səkilər pandussuzdur. Bu da rahat hərəkəti təmin edir. (Daha Bakıdakı kimi yolu keçmək üçün səki kənarlarını “iri addımlarla” aşmalı olmursan.  Xüsusilə Hacıbala Abutalıbovun dönəmində səki kənarlarının necə hündürləşdirildiyini xatırlayaq. Yağışlı, qarlı havada sürüşkən səkilər də bir ayrı bəladır - M.R.)  Maşınların səkidə saxlanması, avtomobillərin səkiyə “dırmaşması”, piyadaların yolunu kəsməsi Budapeştdə qadağandır. Küçə boyunca marketlər, “toçka”lar da sıralanmayıb. Dönərxanalar da hər addımda görünmür. Deyəsən, bu şəhərin sakinləri çörək “yemir”...  

Parklanma 

Gəldik, bakılıların ən böyük problemi parklanma məsələsinə. Söhbəti çox uzatmayaq. Budapeştdə parklanma qiymətləri müddətə görə dəyişir. Səhər saat 08:00-dan axşam 20:00-dək parklanma qiyməti 3 manatdır. Amma parkinqdə avtomobili 3 saatdan artıq saxlamaq olmaz. Əks halda təkərlər bloklanır. Yox, evakuator gəlib aparmır. Mərkəzə nisbətən ətraf ərazilərdə parklanma qiymətləri nisbətən aşağıdır. Parklanma yerinin bir özəlliyi də budur ki, burada ən azı bir avtomobil üçün daim boş yer saxlanılır. Tələb-təklif tənzimlənir. 

Avtomobil icarəsi 

Budapeştdə “Car shering” xidməti mövcuddur. 1-2 saatlıq avtomobil kirayələyə bilərsiniz. Bir var “renta car”, bütün gün ərzində avtomobil icarəsi, bu, bahadır. Amma “car shering” xidməti sərfəlidir. Təcili harasa getməlisinizsə, yaxınlıqdakı avtomobillərdən birini icarəyə götürə bilərsiniz. Avtomobili mobil oplikasiya vasitəsilə blokdan çıxarır və istifadə edirlər. Sarı taksi fəaliyyəti də var. Üstəlik, bu sarı taksilər avtobus zolağı ilə hərəkət edə bilir. 

Elektromobil, elektroskuterlər

Elektromobillər yaşıl rəngdə nömrələnib. Müəyyən ərazilərdə enerji doldurma məntəqələri mövcuddur. Elektroskuterlər üçün parklanma pulsuzdur, ya da imtiyazlı şərtlərdir. Elektroskuterlər də küçələrdə sərbəst şəkildə qoyulub. Kim istəsə istifadə edə bilər. Velosipedlərin də, elektroskuterlərin də xüsusi dayanacaq yerləri var. 
Sürət həddi 50-dir
Budapeştdə, demək olar bütün Avropa şəhərlərində olduğu kimi şəhər daxilində sürət həddi 50 km-saatdır. Özünü Avropaya aid hesab edən yalnız 5 ölkənin şəhərlərində sürət həddi 60-dır. Bunlar Azərbaycan da daxil 3 Qafqaz ölkəsi, Rusiya  və Belarusdur. 

Binalar

Nəhayət, Budapeştin tarixi memarlıq abidəsi sayılan binaları barədə, A.Əliyevin reportajından qısaca xatırlatma. Budapeştdə tarixi binanın yanında hündürmərtəbəli müasir yaşayış və ya ofis binası görmək mümkün deyil. Köhnə binanın yanında yenisi tikilibsə də, eyni boyda və mümkün qədər oxşar dizaynda inşa edilir. Yaşayış binalarının həyəti yaşıllıqdır. Həyətlərə girişdə şlaqbaumlar da yoxdur. Binaların birinci mərtəbəsi ofislərə, mağazalara icarəyə verilsə də burada nə pilləkənlər, nə də xüsusi ayırmalar var. Ofislər, mağazalar irəli uzanıb səkini zəbt etməyib. Hamısı eyni xətt üzrədir. Mağazaya, ofisə daxil olmaq üçün nə yuxarı çıxmalı,  nə də aşağı düşməlisən. Binalara giriş qapıları səkilərlə eyni səviyyədədir.     

P.S.

Rəhmətlik Brejnev demişdi ki, “Bakı gözəl şəhərdir. Belə şəhərdə yaşamaq və işləmək xoşdur”. Bakının gözəlliyindəın də əsər-əlamət qalmayıb. Rahatlığı və insan yönümlü olub-olmadığı da zatən hər halından bəllidir.