Rusiya Qarabağda da eyni səhra hospitalı qurub: Ukrayna sərhədindəki görüntülər şok yaratdı

 ABŞ-ın “Maxar” texnoloji şirkətinin yaydığı peyk görüntüləri Rusiyanın 2014-cü ildə tabeliyinə keçirdiyi Krımdakı yerləşmə nöqtələrini üzə çıxarır. Fotolardan birində Belarus - Ukrayna sərhəddində yerləşən Qomeldəki Zyabrovka hərbi-hava bazasının yerləşim nöqtəsi görüntülənir. 

Zyabrovka Ukrayna sərhəddinə 25 kilometrliyindən də az məsafədədir. Hərbi bazanın peykdən çəkilmiş fotosunda diqqət çəkən detal Rusiya ordusuna məxsus nəhəng səhra hospitalının qurulmasıdır.  Rusiyanın Ukrayna sərhəddinə silahlarla birgə tibb işçilərindən ibarət böyük komanda toplaması işğal ehtimalını gücləndirir. Fotolar böyüdüldükdə, eyni səhra hospitalının Qarabağda rus sülhməramlılarının qurduğu xəstəxanayla eyni şəkildə, eyni üslubda olduğu aydın görünür. 

ABŞ-da bu görüntülər başlayacaq rus işğalının rəmzi hesab edilir. Qomeldə yüzlərlə hərbi texnika və canlı qüvvənin toplandığı çadırlar da qurulub.  Ukrayna sərhəddinə yaxın nöqtə olan Kurskda da eyni görüntülər var. Kursk Ukrayna sərhəddinin 100 kilometrliyindədir. Bu arada Frans-Press Agentliyi (Agence France-Presse) isə Ukrayna sərhəddində baş verənləri “Yeni müharibə oyunu” başlığı ilə yayıb.