Bu məktəbin bütün məzunları şəhid oldu


Məktəbin 1921-ci ildə heç bir məzunu yoxdur
 
Osmanlı Türkiyəsində fəaliyyət göstərən “Məktəb-i Tibbiyye-yi Şahanə”yə 1915-ci ildə daxil olmuş tələbələrin hamısı Çanaqqala savaşında şəhid olub. Bunu Türkiyə Tibb Elmləri Universitetinin rektoru professor Cevdet Erdöl çıxışı zamanı bildirib. “Həkimlərimiz daim milli mücadilə içində olub. Həkimlərimiz, tibb işçilərimiz ya bayraqları bayraq etmək üçün tökülən qanların sahibi mehmetciyə şəfa olub, ya da bu torpaqlar üçün şəhadət şərbətini içməyi seçiblər”, söyləyən rektor qeyd edib ki, 1915-ci ildə tibb məktəbinə daxil olmuş gənclərin hamısı könüllü kimi Çanaqqala daxil, bütün cəbhə bölgələrinə yollanıblar. 

Bu səbəbdən məktəbdə dərslər dayandırılıb, məktəb 1 il bağlı qalıb və bina “Hilali-Əhmər” xəstəxanası kimi fəaliyyət göstərib.  765 tələbədən 346-sı şəhid oldu, şəhidlər arasında adları olmayanlar da geri qayıtmadı. Odur ki, məktəbin 1921-ci ildə heç məzunu olmadı. 

Tibb məktəbi tələbələrinin Çanaqqalanın keçilməzliyində əməkləri böyükdür. Müharibədə tək silahlar “danışmır”, yoluxucu xəstəliklər də əsgərləri əldən salır. Tibb məktəbinin tələbələri həm əsgərlərə yardım etdi, həm də xəstəliklərin önünü kəsmək üçün mücadilə verdi. 

Məktəbin bütün avadanlığı da o dönəmdə cəbhəyə daşınıb. Rektor Çanaqqala savaşında adını tarixə yazan bir həkimdən – Tarik Nüsrətdən də bəhs edib: 

“Ağrıkəsici qıtlığı yaşandığından həkimlər hər xəstəyə morfin iynəsi vurmur, əməliyyatla həyata dönəcəklərinə əmin olduqları əsgərləri, ilk növbədə, təcili əməliyyat edirlərmiş. 

Yaralılardan biri Tarik Nüsrətin önünə gətirilib, həkim ona baxıb və ümidsiz yaralı olduğunu anlayaraq kölgəlik bir yerə aparılmasını məsləhət görüb. Bu zaman yaralı əsgər “ata, ata” - deyə qışqıranda həkim əsgərin öz oğlu olduğunu başa düşüb. Lakin yenə də “onu kölgəlik bir yerə aparın”, deyib. Bir müddət sonra oğlunun yanına getdiyində canını tapşırdığını görüb. Ağlayaraq “bağışla, oğlum, o morfin sənin haqqın deyildi” - söyləyib: “Türk insanı savaşı həm də belə həkimlər sayəsində qazandı”.