Lavrovun açıqlaması özünə təskinlik verməkdir
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində bildirib ki, Rusiya izolyasiya edilməyib. S. Lavrovun sözlərinə görə, Rusiyanın heç bir izolyasiyasından söhbət gedə bilməz:
“O ölkə özünü təcrid olunmuş hiss edə bilər ki, o, Qərb dəyərlərindən kənarda yaşamasını mümkün hesab etməsin”.
Rusiyanın XİN başçısı ölkəsinin çoxlu sayda tərəfdaşlarının olduğunu söyləyib:
"Lavrov Rusiyanın tərəfdaşları sırasında Çini, Hindistanı, Yaxın Şərq və Latın Amerikası ölkələrinin adını çəkib".
Lavrovun açıqlamasını "Şərq"ə şərh edən REAL Partiyasının sədr müavini Natiq Cəfərli bildirib ki, Lavrovun bu açıqlaması özünə təskinlik verməkdir:
"BMT-dəki səsvermə özünü aydın formada göstərib. Açıq şəkildə Rusiyanın mövqeyini müdafiə edən beş ölkədir. Bunlar təbii ki, Rusiyanın özü, Belarus, Suriya, Eritreya və Şimali Koreyadır. Digər dövlətlər isə ya əleyhinə səs verib, ya da bitərəf qalıb. Yəni dəstəkləməyiblər. Bu, son zamanlar Rusiyada ciddi müzakirə obyekti olub. İndi bu təbliğatı artırırlar. Sanki rusiyalı vətəndaşlara bir xəbər ötürürlər ki, biz tək deyilik, dünya ölkələri də yanımızdadır. Amma əslində BMT, Avropa Şurası, ATƏT-dəki səsvermələr hamısı göstərir ki, Rusiyanın yanında Kremllə birgə beş dövlət dayanır".