Niyə rayonlarda həkim çatışmazlığı yaranıb? –  AÇIQLAMA:“Maaş çox aşağıdır” 

“Həkimlərin maaşı yüksək səviyyədə olsaydı, güman edirəm ki, vəziyyət belə olmazdı”


Səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlama verib. 
Nazir qeyd edib ki, rayonlarda həkim, eləcə də digər tibb işçilərinin çatışmazlığı ilə bağlı problemin həlli üçün tədbirlər görülür. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə proqram hazırlayır:
“Həmin proqram çərçivəsində müəyyən mexanizmlər işlənərək, təkliflər irəli sürüləcək. Nəinki gənc, hətta peşəkar, kifayət qədər təcrübəsi olan həkimlərimiz əhaliyə xidmət göstərmək üçün regionlara üz tutacaq”.

Regionlarda tibb işçilərinin çatışmazlığı barədə “Sherg.az”a açıqlama verən  tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bu problemin yaranma səbələrindən danışıb. O, bildirib ki, əsas problemlər madddiyatın az olmasından qaynaqlanır:

“Bu yeni problem deyil, hər zaman mövcud olub. Əvvəllər həkimlərin təyinatı olurdu. Həkimlər təyin olunduğu yerlərdə ən azı 2 il fəaliyyət göstərməli idilər. Bu müddətdən sonra həkimlər təyinatı dəyişə bilərdi.  İndiki vəziyyət haqqında isə çox məlumatım yoxdur. Burada birinci növbədə yaşayış şəraiti nəzərə alınmalıdır. Ən azından dövlət tərəfindən təyinat ilə göndərilirsə, ev, kirayə, kimunal xidmətlər  və.s kimi məsələlər həll olunmalıdır. 

Hazırda bütün bunlar həkimin üzərinə düşür. Bunlarla yanaşı belə həkimlər üçün maaşlar çox aşağıdır. Hətta müəllimlərin maaşından da azdır. Bu da ciddi problem kimi qalır və çatışazlığa gətirib çıxarır.

 Bu baxımdan görürük ki, problemlərin hər biri sonda maddiyyata bağlanır. Həkimlərin  maaşı yüksək səviyyədə olsaydı, güman edirəm ki, vəziyyət belə olmazdı.  Bunlar Səhiyyə nazirliyi vədigər göndərişləri olan nazirliklər tərəfindən həyata keçirilməlidir”.  

Ş.Namazlı hesab edir ki, çatışmazlıq yaradan digər səbəb isə tibbi şəraitin fərqli olmasıdır.