Məzahir Süleymanzadə haqqın dərgahına qovuşdu

Azərbaycan xalqı “Səhər”i heç vaxt unutmayacaq

   Mayın 11-i iş günümüz üzücü xəbərlə başladı; Məzahir Süleymanzadə vəfat edib. Jurnalistlər üçün Məzahir Süleymanzadənin əlavə təqdimatına heç vaxt ehtiyac duyulmayıb. Məzahir Süleymanzadə Azərbaycan mətbuat tarixinə adını “Səhər”lə yazdıran şəxsdir. Belə də qalacaq. Azərbaycan xalqı “Səhər”i heç vaxt unutmayacaq. Çünki qanlı yanvarda əl-əl gəzən, “Azadlıq” meydanından o zaman hələ “Kirov” parkı adlanan, köhnə adıyla Çəmbərəkənd qəbiristanlığı kimi tanınan, Bakını erməni daşnaklarından xilas edərkən şəhid olmuş qəhrəman oğulların uyuduğu, lakin bolşevik işğalının üstünü örtdüyü, amma hafizələrdən qazıya bilmədiyi məzarların olduğu məkana axışan insan selini ilk dəfə “Səhər” qəzeti xalqa çatdırmışdı. Bu qəzet o qanlı günlərdə xalqın haqq səsiydi və bu səsi Məzahir Süleymanzadənin rəhbərlik etdiyi mətbu orqanı, onun əməkdaşları ölkəyə yayırdı. 20 Yanvar şəhidlərinin siyahısını da ilk dəfə “Səhər” dərc etmişdi.   

Məzahir Süleymanzadənin tərcümeyi-halı zəngindir, mənəviyyatı kimi;

1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edib, Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini,  Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetski voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan "Səhər" qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir. 1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Məzahir Süleymanzadə Fəxri bədən tərbiyəsi və idman xadimi olub. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.

Medianın İnkişafı Agentliyi Məzahir Süleymanzadənin vəfatıyla bağlı başsağlığı verib: “Tanınmış jurnalist, “Səhər” qəzetinin təsisçisi və baş redaktoru olmuş Məzahir Süleymanzadə vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Məzahir Süleymanzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”. 

Mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun KİV-ə verdiyi məlumata görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib. Mərhum jurnalist dünən Mərdəkan qəbiristanlığında torpağa tapşırılıb. 
Məzahir müəllim sosial şəbəkədə diqqətçəkən paylaşımlar edirdi. Xüsusən də mərhum həyat yoldaşı Gülnarə xanım və nəvələriylə bağlı. Gülnarə xanımla bağlı paylaşımlarında həyat yoldaşının itkisini heç cür qəbul etmədiyi aydın hiss olunurdu. Həyat yoldaşının 60 illik yubileyini sağlığında qeyd edə bilmədiklərinə üzülmüşdü. Gülnarə xanımın məzarı üstə düzdüyü qərənfillərə belə bir şeir həsr etmişdi:

 Qəbrin üstə 40 qərənfil əkdirdim,
Gözlərimdən onlara su tökdürdüm.
40 gün keçdi... qərənfillər boy atdı,
Çox uzandı, boyu boyuma çatdı.
Nə bilim… məndən sonra olacaq, olmayacaq,
Qərənfillər qəflətən saralıb solmayacaq…
Fikrim sənin yanında, xəyalım göy üzündə.
Üzə biləcəyəmmi qərənfil dənizində?..

Dünən, Məzahir müəllimin ruhu sevimli həyat yoldaşının ruhuna qovuşub, yəqin. Məzahir müəllimin məzarı da dünən qərənfillərə büründü. İnanırıq ki, solmayacaq qərənfillər, Məzahir müəllimin layiqli övladları, əziz nəvələri nə babanın, nə də nənənin güllərini solmağa qoyacaq. Bir də Məzahir müəllim nəvəsi Mədinəylə bağlı bir paylaşım etmişdi: “Mədinə deyir ki, baba, bir az döz, özüm sənin həkimin olacam”. İnanırıq ki, Mədinə babasına söz verdiyi kimi həkim olacaq, ağlı, bacarığı ilə neçə-neçə insana şəfa verəcək, babasını sağalda bilməsə də. Yadıma düşdü ki, Məzahir Süleymanzadə mayın 9-u – Faşizm üzərində qələbə günü II Dünya müharibəsində həlak olmuş atasıyla bağlı paylaşım etmişdi. "Ruhun şad olsun, atam”, yazmışdı. Mayın 11-i isə özü vəfat etdi. Bu nə idi?.. Ruhların qovuşacağının şüuraltı hissiyyatı?.. Bəlkə də… Allah rəhmət eləsin. Ruhun şad olsun, ustad! 


P.S. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və qəzetin kollektivi ustad jurnalist Məzahir Süleymanzadənin vəfatından kədərləndiyini bildirir, məhrumun ailəsinə dərin hüznlə başsağlığı verir.