Kriminalist İlqar Altay səsli-küylü qətllə bağlı öz təhlillərini bölüşüb
11 yaşlı Nərmin Quliyevanın ölümü hələ də gündəmin əsas mövzusudur. Cəmiyyəti ən çox narahat edən də 2 ildir davam edən məhkəmə prosesinə rəğmən cinayət törədən şəxsin kimliyi ilə bağlı yekun qərarın olmamasıdır.
Özünü müqəssir kimi təqdim edən şübhəli şəxsin sonradan qatil olmadığını iddia etməsi istintaq prosesində çətinlik yaradıb və güman edilən ehtimalları şübhə altına alıb. İlkin Süleymanovun qatil olub-olmaması ətrafında gedən mübahisələr göstərir ki, “Nərmin işi” ilə bağlı ilkin istintaq əhatəli şəkildə aparılmayıb.
Halbuki, söhbət bir uşağın oğurlanması və sonrasında xüsusi işgəncələr verilərək yandırılmasından gedirsə, bu cinayətdə bütün fərziyyələr incəliyinə qədər analiz olunmalı idi.
Nərminin qətli-faciəsi barədə öz təhlillərini ”Şərq”lə bölüşən kriminalist İlqar Altay hesab edir ki, "Nərmin işini" o dərəcədə siyasiləşdirib, intriqa və ictimai-siyasi ziddiyyətə çevirib kriminal hadisə əndazəsindən çıxarıblar ki, artıq bu işə baş qoşub, təhqiqat aparıb, konkret söz deyib, fikir bildirmək kəskin qısqanclıq və bundan da doğan, havayı başağrı yaradır. Xalq, cəmiyyətə isə qaranlıq müəmmalar, həyəcan-stres qalır:
“Nərmin üzərində törədilən açıq, obyektiv sübutlara görə, ortada adam (azyaşlı, 11 yaşlı qız uşağı) oğurluğu və xeyli müddət şəraitsiz, qidasız, soyuq yerdə, qorxu, təzyiq altında saxlayaraq, əzab, işgəncə vermə kimi cinayət faktları var. Eyni zamanda pedofiliya və həyatla bir araya sığışmayan ağır xəsarətlər, yandırma, xüsusi amansızlıqla adam öldürmə də sübuta yetirilib.
Sual oluna bilər ki, azyaşlı qız uşağını öz balası, ya bacısı, qohumu kimi oğurlayıb saxlamaq da ola bilər, yəni pedofiliya-azyaşlıya cinsi maraq yoxdur. Bunu qəbul etmirəm. Qız uşağı yaşına uyğun olmayan inkişaflıdır, xasiyyəti, davranışı, geyimi, nəzəri-diqqəti cəlb etməsilə pedofillər üçün çəkicidir. Öz uşağı kimi kiçik 1-3 yaşında uşaqlar oğurlanır, 11 yaş deyil. İkincisi də belə bir öz ana-ata, qohum-qardaş, el-oba yaddaşı formalaşmış bu yaşdakı uşağın yaddaşını silib, onda təzə valideyn hissi, tabelik yaratma qəti mümkünsüzdür. Öz uşağı bilib, sevdiyinə niyə bu əzabı versin? Bunları nəzərə almadan edən şəxs yalnız psixi xəstə ola bilər və "dəlixanalıq".
Nərmin faciəsində əsas motiv kimi pedofiliyanı gördüyünü vurğulayan kriminalistin sözlərinə görə, uşağı oğurlayanın cinsi əlaqə imkanı olmasa belə pedofiliya mümkündür. İ.Altay qeyd edib ki, pedofillər özlərinin patopsixoloji, cinsi ehtiraslarını müxtəlif vasitələr, qucaqlamaq, hətta uşağın üzünə və ya onun əzab çəkməsi, ağlamasına baxmaqla söndürə bilirlər:
“Çünki pedofiliya psixika, ağlın yox, psixologiya, yəni xasiyyət və davranışın deformasiyasıdır. Bunlar el dilində təxmini desək, "dəli" deyil, "bicdirlər". Pedofil əsasən 13 yaşdan aşağı uşaqlara meyl göstərənlərdir. Niyə? Çünki onlar iki şəxsiyyətli və xarakterli psixopatdırlar. Bunlarda şəxsiyyət ikiləşir, bir bədəndə iki tam fərqli şəxsiyyət var. Və bunlar çox təhlükəli insanlardır. Sakit, fağır, mədəni, intellektli şəxsiyyət birdən vəziyyətdən asılı olaraq, çönür qəddar, aqressiv kobudluğa. Pedofillərdə cinsi şüur yeniyetmə, 15-16 yaş dövründə qaldığı üçün azyaşlı uşaqlara həvəs edirlər və özlərini 15-16 yaşlı kimi hiss edirlər. Digər şəxsiyyəti ilə də həyatda, böyük insanlar kimi davranır. Belə insanlar təhsilli, savadlı, bacarıqlı da ola bilir, hətta cəmiyyətdə güclü inam, hörmət də qazanırlar.
Sadəcə azyaşlı, gözəgəlimli qız uşağı görəndə, anidən beyinləri asılı olmadan manyaka çönür. Bunlardakı ümumi xasiyyət də normadan çıxır. Ya çox enerjili, münasibətli, ya da ki, çox passiv və özlərinə qapanan, tənhalığa çəkilən olurlar. İkişəxsiyyətlilər ikiüzlülərdən fərqli çox, xüsusi təhlükəlidirlər. Çünki onların əsl simasını daha çətin ayırd etmək olur. İkiüzlü eyni şəxsiyyətin iki üzüdür, davranışına yaxşı diqqət etsən, əsl simasını ayırd etmək olur”.
İ.Altayın sözlərinə görə, təcrübəmizdə pedofillərin xüsusi bacarıqları ilə, hətta istintaqı da dolayıb, fırladıb, çaşdırıb dolaşığa salma halları çox olur. Əvvəlcə, özünü fağır, sakit, məsum göstərib, əməliyyatçılar və istintaqçıları, vicdanlı etirafçı və "üzüyola" kimi işin artıq 100 faiz açılmasına arxayınlaşdırırlar. İşin prosessual səliqəsiz, hətta, başdansovduluqla aparılmasına nail olurlar. Sonradan 180 dərəcə məhkəmədə çevrilib, istintaqda qüsurlar tapıb hər şeyi boynundan atmağa müyəssər olublar:
“Bütün bunlar fonunda deyə bilərəm ki, Nərminin qatili çox gənc ola bilməz. Cinsi ehtiras həvəs, maraq şüuru 15-16 yaşdakı dövrdə ilişib qalsa da, yaşı kifayət qədər həyat təcrübəsi və təhsil və bilgilər alan, müəyyən əziyyət və ağrıları da keçirən bərkimiş, tədbirli, hiyləgər və qəddarın birisinə uyğundur. Çünki 11 yaşından da xeyli irəli inkişaf etmiş ağıl və davranışdakı qıza təsir edib, inam yaradıb, aldadıb aparma, şikarını 44 gün öz ehtiraslı istifadəsində gizli saxlama və səbr, səliqə, tədbir və ardıcıllıqla onu işgəncəli öldürməklə tezalışan sintetik materiala büküb müvafiq qaranlıq, kimsəsiz vaxt, şəraitli də yer seçib, meyiti gətirib, izi itirmə düşüncəli rahat yandırmaq da böyük yaş və təcrübə tələb edir. İkincisi, azyaşlı qızcığazı oğurlama, onu vəhşi cinsi ehtirasla 44 gün ağır, bağlı şəraitdə qidasız, natəmiz saxlama amansızlığı və axırda da halsız, qurumuş uşağı əvvəl, bir neçə zərbə ilə küt, sərt alətlə başını vurub dağıtma, sonra isə onu yandırma qəddarlığı da xeyli yaş tələb edir o qatildən. Bunları bir gənc edə bilməzdi! Nərminin qatilinin eyni bölgədə yaşadığı da mühüm faktdır. Bu şəxs, xeyli müddət qızı öz, patoloji ehtiras şüuru, diqqətində saxlayıb. Ara-sıra və bəlkə də hiss etdirmədən, özünün qəsdən yaratdığı "təsadüfdən" qıza "rast" gəlib və salamlaşıb, bəlkə də qısa danışdırıb. Qız da onu uşaqlıqdan tanıyıb, bir öz həmyerlisi kimi.
Əks halda qatil nədən həmin məhəllədə onun meyitini yandırıb atsın? Uzaq bölgədən olan və yerli şəraiti yaxşı halda tanımayan şəxs, hansı bilgi və arxayınlıqla zibil, ya artıq əşyalar atılan buraxma sahəni tanısın, özü ilə neft gətirib meyiti rahat yandırsın? Ya uzaqdan necə meyiti sürüyüb gətirsin, əgər ki, maşını ilə gətiribsə belə tədbirli adam bilmirmi özgə maşını kənd yerində gözə çarpar və belə bir imkan, maşını olubsa, meyiti gözdən uzağa dərə-təpəyə niyə aparıb itirməsin? Burada bir məsələ də ortaya çıxır ki, qatilin meyiti uzaqda itirmək imkanı olmayıb. Onun maşını olsa, meyiti küçəyə gətirib, istintaqa faktlar verməzdi”.