"Dosta da, düşmənə də məzmunlu mesajlar verilir"

Sabah Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayır. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər. 4 gün boyunca davam edəcək festivalda bir çox yerli və xarici iştirakçıların işləri nümayiş olunacaq.

Bakıda baş tutacaq “TEKNOFEST Azərbaycan” festivalına hazırlıqlar əsasında qırıcı təyyarələrin uçuşu həyata keçirilir. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşqlər reallaşdırır.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev baş tutacaq festivalı “Sherg.az”a dəyərləndirib. Onun sözlərinə görə, bu festival Azərbaycan-Türkiyə əməkdaşlığının yüksək səviyyəsinin nümayiş olunması, həm dostlarımıza, həm də düşmənlərimizə məzmunlu mesajlar vermək baxımından çox dəyərli bir hadisədir:

“Bakı ilə Ankaranın əməkdaşlığı Vətən müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə tamamilə yeni bir mərhələyə daxil olub. Artıq “Şuşa Bəyannaməsi”  ilə də iki ölkənin münasibətlərinin hərbi - texniki sahədə də dərinləşməsilə, strateji xarekter aldığını bir daha təsdiqlədi. Bakıda hazırda keçirməyə hazırlaşdığımız ““TEKNOFEST Azərbaycan” festivalı da iki ölkənin hərbi-texniki, diplomatik, siyasi, texnoloji, iqtisadi sahədə əməkdaşlığının bariz ifadəsidir. Çünki burada qardaş ölkənin və bizim hərb və texnologiya sahəsindəki inkişafların ən müasir nailiyyətləri nümayiş  olunacaq. Bu bir daha göstərəcək ki, Azərbaycan –Türkiyə əməkdaşlığı bütün sahələrdə yüksələn xətt üzrə getməklə, alternativsiz münasibətlərdir. Doğrudan da müasir beynəlxalq münasibətlərdə Azərbaycan və Türkiyədən başqa elə iki ölkə göstərmək mümkünsüzdür ki, onların münasibətləri bizim qədər dərindən inkişaf etmiş olsun”.

Baş redaktor qardaş ölkə ilə münasibətlərin keçmişini və bu gününü müqayisə edib. O, hesab edir ki, bu sevindirici bir məqamdır:

“1990-cı illərin əvvəllərində Ankara – Bakı  əməkdaşlığı Türkiyənin bizə bir helikopter belə yardım göstərmək gücündə olmaması ilə xarektrizə olunurdusa, bu gün qardaş ölkə ilə bizim hərbi, texniki, iqtisadi və texnoloji əməkdaşlığı demək olar ki, hədd tanımayan  dinamik bir inkişaf vəziyyəti halını alıb. Bu qürurverici bir nailiyyətdir və aydın məsələdir ki, iki ölkənin getdikcə nəhəng, qlobal miqyasda çox təsirli bir tandem yaratdığını ifadə edir”.

Qeyd edək ki, “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib.