MÜZAKİRƏ: “Dərsliklərdəki şeirlərdə qafiyə önəmlidir, yoxsa informasiya? – Fikirlər haçalandı! 

Qəşəm Nəcəfzadə: “Azərbyacan dili dərsliklərinə çox məzmunsuz şeirlər salınır. Çünki Rafiq İsamyılovun özü Moskvada, rus dilində təhsil alıb. Azərbaycan dilini bilməyən adam necə bu dildə dərslik yazır?”

Rafiq İsmayılov: “Dərsliklərdə istifadə olunan mətnlərdə estetika, qafiyə yox, şagirdlərin yaşına uyğun sözlər, informasiyalar olmalıdır”

Son günlərin ən çox müzkirə olunan mözvularından biri orta məktəb dərsliklərində yer verilən şeirlər və onların bəddi məzmunudur. İTV-nin “Sabaha saxlamayaq” verilişində Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə "Altun-kitab" nəşriyyatının direktoru, “Azərbaycan dili” dərsliyinin müəllifi Rafiq İsmayılov arasında baş tutan müzakirələrdən sonra məsələ daha da aktuallaşdı. Tərəflərin səsləndirdiyi fikirlər böyük marağa səbəb olub.

 Məsələ haqqında “Sherg.az”a danışan Q.Nəcəfzadə verilişdə baş verənlərdən danışıb. O, bildirib ki, şagirdlər şairləri tanımalıdır:

“ İTV-nin  “Sabaha saxlamayaq” verilişində Rafiq İsmayılova faktlarla müraciətim oldu ki, siz niyə belə zəif şeirləri dərsliklərə salırsınız? O şeirlərin nə estetikası var, nə qafiyəsi düzgündür, nə də ki hecası düzdür. Uşaqlara heç nə öyrətmir, onların şeir zövqünü korlayır. Həmçinin, onları vətənpərvərlik ruhunda yetişdirmir. Şeirlər mənasız söz yığınından ibarətdir. R.İsmayılova görə, şeirin yaxşı şeir olması maraqlı deyil. Mən ona bildirdim ki, qeyd olunan şair adları saxtadır. Özlərindən ad qoyub, şeir yazırlar. O, isə bildirir ki, şairin adının şeirə dəxli yoxdur, müəllif önəmli deyil. Biz Abbas Səhhəti, Mirmehdi Seyidzadəni, Xanımana Əlibəylini, Abdulla Şaiqi, Mirzə Ələkbər Sabiri, İlyas Tapdıqı orta məktəb dərsliklərində öyrənmişik, öz şairimiz kimi tanıyıb, sevmişik. İndi bu uşaqların da sevdiyi bir şair olmalıdır. Ona görə isə bunun  önəmi yoxdur. Bu səbəbdən də mübahisə yarandı”.

Q.Nəcəfzadənin fikrincə, dərslik yazan hər kəs o dili gözəl bilməldir:

“Azərbyacan dili dərsliklərinə çox məzmunsuz şeirlər salınır. Çünki Rafiq İsamyılovun özü Moskvada, rus dilində təhsil alıb. Azərbaycan dilini bilməyən adam necə bu dildə dərslik yazır? Bunu başa düşə bilmirəm. Ən böyük nöqsanlardan biri budur. Dərslik yazan dili yaxşı bilməlidir. Bir dildə danışmaq, o dili bilmək deyil.
Bizim gözəl şairlərimiz var. Məsələn, Qəşəm İsabəyli, Ələmdər Quluzadə, Rafiq Yusifoğlu, Aləmzər Əlizadəni, Ələsgər Əlioğlu, Əfsanə Laçını, Aqil Bünyadzadəni və başqaları. Niyə bunların şeiri salınmır, saxta şairlərin şeiri salınır? Qarnınızın ağrısı nədir? Buna cavab verən olmadı. Anladım ki, ümumilkdə şeirə maraq azalıb”.

R.İsmayılov isə “Sherg,az”a açıqlamasında qeyd edib ki, Qəşəm Nəcəfzadənin siyahıya aldığı şeirlərin heç biri indiki dərsliklərdə yoxdu:

“Vaxtı ilə dərsliklər yazılanda qrammatik baxımdan dərslik üçün uyğun olan şeirlər tapmayanda həmin məcburiyyət qarşısında o şeirlərdən istifadə etmişdik. Bizim üçün mühüm olan qrammatik təhlil olduğundan şeirin məzmununa o qədər də əhəmiyyət vermədik. Amma sonra dərsliklər yenilənən zaman daha uyğun variantlar üzərində işlədik və həmin şeirləri də dərslikdən çıxardıq. Sözün düzü, Qəşəm müəllim efirdə şeirləri səsləndirəndə heç neçənci sinif dərsliklərinə aid olduğunu belə xatırlamadım”.

Dərsliklərdə bədii zövqün korlanması ilə bağlı ittihamlara gəldikdə isə R.İsmayılov deyib ki, dərsliklərdə mətnlərin öz tələbləri var. Mətni oxuyub anlamaq, onu qavramaq ayrıca bir elmdir və bunun konsepsiyası bütün dünyada işlənib öyrənilib: “Bizdə isə bu hələ yeni-yeni öyrənilir. Odur ki, mahiyyətini bilib- bilmədən şeirləri siyahıya almaq, guya, yeni nəsə kəşf etmiş kimi ölkə gündəminə çevirmək absurd yanaşmadır. Dərsliklərdə istifadə olunan mətnlərdə estetika, qafiyə yox, şagirdlərin yaşına uyğun sözlər, informasiyalar olmalıdır. Həmin şeirlər poetik cəhətdən yüksək səviyyəli olmaya bilər. Əksini iddia etmirəm və məqsədimiz də ədəbiyyat yaratmaq deyil. Bizim işimiz mətndəki informasiyanı şagirdlərə qavratmaq və onlarda təhlil bacarığını inkişaf etdirməkdir. Həmin şeirin yerinə adi bir mətn də ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur.
Qəşəm Nəcəfzadə bir dəfə mənə öz şeirlərini göndərdi ki, dərslikdə verim. Mən də gördüm ki, həmin şeirlər dərsliyə uyğun deyil. “Şabalıdı qovurdular, şabalıdın yaxası açıldı”. Məcaz kimi yaxşı bənzətmə ola bilər, amma bu ifadə uşaqların düşüncə tərzinə, onların yaş qrupuna uyğun deyil axı! Öz karifeylərimizin əsərlərindən nümunə gətirmədiyim üçün dərslikləri tənqid edirlər. Halbuki, bizim klassiklərimizin əsərlərinin dili ikinci, beşinci sinif şagirdlərinin oxuyub qavrayacağı səviyyədə deyil.
Bir vaxtlar dahi Hüseyn Cavidin “Gülbahar” şeirindəki “Kuzum, yavrum! Adın nedir?
- Gülbahar.
- Peki, senin anan, baban varmı?
- Var.
- Nasıl, zenginmidir baban?
- Evet, zengin, beyzade…” misralarını dilimizə uyğunlaşdıraraq dərslikdə istifadə etdiyim üçün ciddi tənqid edildim. Halbuki, “Azərbaycan dili” dərsliyində bu misraları türkcə saxlaya bilməzdim. Məhz Hüseyn Cavidin fikirlərinə yer vermək üçün o misraları dəyişdim və buna görə də sosial şəbəkələrdə böyük hay-küy yaratdılar. Eyni ilə də Cəlil Məmmədquluzadənin misralarını aşağı sinif dərsliklərinə salmaq üçün müəyyən redaktələrə ehtiyac duyulur və artıq cəmiyyətin reaksiyası fonunda biz bunu etmirik”.

Dərslik müəllifi müasir şair və yazıçılarımızın əsərlərinin dərslik tələblərinə cavab vermədiyini deyib: “Onlar sadəcə öz fikirlərini qafiyəyə salıb yazıya köçürürlər. Dərslikdə yer alan hər bir mətn faktoloji qavrama, nəticə çıxarma, ümumiləşdirmə, sual tərtib etmə və sual vermə, təhlil etmə, əsaslandırma, arqument gətirmə kimi tələblərə cavab verməlidir. Biz uyğun mətni tapanda onun müəllifinin kimliyinə o qədər də əhəmiyyət vermirik. Səməd Vurğunu, Nəbi Xəzrini onsuz da ədəbiyyat müəllimləri tədris edib, uşaqlara onların həyat və yaradıcılıqlarını öyrədir. 

Bizim işimiz uşaqlara mətn üzərində işləməyi, oxuyub-anlama bacarığını inkişaf etdirməkdir. Bu adam ya “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri arasındakı fərqi bilmir, ya da mənə qarşı olan şəxsi qərəzindən bu çıxışları edir. Guya mən imkan vermirəm ki, onun şeirləri dərsliklərə salınsın. Halbuki, 4-5 il əvvəl o şeir kitablarını mənə gətirdi ki, dərslikdə verim. Oğlu Kəramətə (Kəramət Böyükçöl) görə çox istədim ki, şeirlərindən birini dərsliklərdə istifadə edim. Amma onun şeirləri bizim mətn tələblərimizə uyğun deyildi”.

Dərslik mövzusunun kifayət qədər spesifik və təcrübə tələb edən bir sahə olduğunu vurğulayan R.İsmayılov təsadüfi adamların bu barədə danışması və öz mülahizələrini cəmiyyətə açıqlaması düzgün deyil. Mövcud problemləri və çatışmazlıqları bu işin peşəkarları dilə gətirsə və polemikaya çevirsə daha yaxşı olar.