Prezident Zəngilanda! Deputat: “Bu torpaqlara həyat qayıdır” – Qayıdış başlayır!

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu ərəfədə  həmin ərazilərə səfəri  bizim üçün çox önəmlidir” 

“Bu ondan xəbər verir ki, biz azad olunmuş ərəzilərə qayıtmaq üzrəyik. Böyük qayıdışın başlanğıcı qoyulacaq”


Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüşüb. Ölkə başçısı işğaldan azad olunan ərazilərdə gedən bərpa işlərindən danışıb: 
“Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq”.

Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını vurğulayan dövlət başçısı deyib: “İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.

Dövlət başçısının sözlərini “Sherg.az”a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, bərpa proseslərini çox yüksək dəyərləndirir:

“İşğaldan azad olunan ərazilərimizə həqiqətən də həyat qayıdır. 30 il düşmən tapdağında qalan, düşmən tərəfindən viran qoyulan, talan edilən ərazilərimiz bu gün yenidən canlanır. Bərpa işləri görülür, kənd təsərüfatı işləri gedir, kommunikasiyalar, yol, qaz xətti, işıq, su, rabitə - hər şey tədricən bərpa olunur. Zəngilanda yerləşən İkinci Ağalı kəndi cənab İlham Əliyevin göstərişi ilə tikilir və genişləndirilir. İş yerləri yaradılır. Hava limanı, Zəfər muzeyi qurulur”.

Deputat hesab edir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu ərəfədə  həmin ərazilərə səfəri  bizim üçün çox önəmlidir: 

“Bu ondan xəbər verir ki, biz azad olunmuş ərəzilərə qayıtmaq üzrəyik. Böyük qayıdışın başlanğıcı qoyulacaq. Tək Zəngilanda yox, Ağdam, Füzuli, Şuşada planlı şəkildə hazırlıq və bərpa işləri gedir. Bu da dövlətimizin iqtisadi qüdrətindən xəbər verir. Bu prosesdə bizə qardaş ölkə Türkiyədən başqa kömək verən yoxdur. Bütün işlər Azərbaycanın öz iqtisadı imkanları hesabına görülür”.