Real  izah! – “Azərbaycanda əksəriyyət rəqəmsal savadlılıqdan uzaqdır”

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib. Bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərib. Lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.
Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.
Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov hadisəni “Sherg.az”a şərh edərkən, bildirib ki,  şəxsi yazışmaların qorunması məsələsi gündəmdə olan ən mühüm məsələlərdən biridir:

“Gündəlik həyatımızın rəqəmsallaşmasını nəzərə alaraq, buna daha da ciddi fikir verməliyik. "WhatsApp"la bağlı problemə gəldikdə isə burada bir neçə məqam var. Birincisi odur ki, insanlar kompüter üzərindən "WhatsApp"a daxil olan zaman çox hallarda bunu unudurlar. Kompüter qorunmursa, ictimai yerdədirsə, onlardan məlumatları ələ keçirmək olar. Yaxud müxtəlif nömrələrdən qeydiyyatdan keçmə, telefonu açıq qoyma kimi məsələlər də ola bilər. Burada təhlükəsizlik gigiyenalarına əməl olunmalıdır. Zənnimcə, bununla bağlı təlimlər yaradılmalıdır. İnsanlar bu təlimatlara uyğun olaraq hərəkət etməlidirlər. Bu yalnız yazışmalar üçün yox, bank məlumatları kimi önəmli məsələlərə də aiddir. Bunlarla bağlı maarifləndirmə keçirilməlidir.

F.Kazımovun fikrinə, rəqəmsal savadlılıq erası olsa da, ölkədəki insanların əksəriyyəti bu savadlılıqdan uzaqdadırlar:

“Ölkədə internetdən istifadə edən böyük bir kütlə kompüterdən istifadə etmədən internetə çıxış əldə edib. Amma Qərb ölkələrində ilk olaraq insanlar stolüstü kompüterlərdən istifadə ediblər, daha sonra noutbuka, sonra planşet və telefonlar erasına çatıblar. Mərhələli olaraq, insanlar müəyyən qədər savadlanıblar. Amma bizdə böyük bir qrup insanların heç vaxt internetə çıxışı olmayıb, müxtəlif sosial şəbəkələrə birdən-birə çıxış əldə ediblər. Onların rəqəmsal savadlılığı aşağı səviyyədədir. Bunu aradan qaldırmaq lazımdır. Bununla müvafiq dövlət orqanları, təşkilatlar məşğul olmalıdır. Rəqəmsal savadlılıq və kibertəhlükəsizlik gigiyenası ilə konkret tədbirlər görülməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin Ictimai Şurasının üzvü kimi bu məsələni qaldıracağam”.

 Ekspertin sözlərinə görə, tətbiq, platforma, təlimat və yaxud onlayn kurs formasında maarifləndirmə işlərini aparmaq olar. O, qeyd edib ki, bunları məktəblərdə də tətbiq etmək lazımdır.