Pulsuz divan aldı: İçindən 36 min dollar çıxdı

 ABŞ-ın Kaliforniya ştatında yaşayan  Viki Umodu yeni köçdüyü mənzil üçün yeni əşyaların əksəriyyətini internetdən sifarişlə əldə edib. İnternetdə ev mebelləri ilə yanaşı bir divan və iki kreslonun pulsuz hədiyyə edildiyi haqda elanı görüncə də fürsəti əldən vermək istəməyib və divana müştəri çıxdığını bildirib. 

Divanı evə gətirib divanüstü yastıqları çırpmağa başladıqda isə yastığın içindən dollarlar ətrafa dağılıb. Bu barədə “Independent” (Türkçə) məlumat yayıb. Viki gözlərinə inanmayıb. Pulları saydıqda 36 min dollar olduğunu görüb. Viki bu haqda ABŞ-da yayımlanan “ABC7” kanalına danışıb. Qadın pulsuz divan elanına əvvəlcə inanmadığını, bunun qurama iş ola biləcəyindən şübhələnib.

 Lakin elandakı nömrəyə zəng edincə, həqiqət olduğunu bilib. Pulsuz mebel satan şəxs ailənin yaxın üzvünü itirib deyə, mənzildəki əşyaları pulsuz paylayırmış.

 Bunu eşidən Viki  divanın mənzilə gətirilməsini sifariş edib. “Mən də mənzilimə yeni köçmüşəm. Əşyalarım yoxdur. Çox əşyaya ehtiyacım var. Divanın, kreslonun pulsuz verilməsinə sevindim. Yastığın içində dollarları gördükdə isə çaşıb qaldım. Oğluma, gəl, gəl, gör burda nə var?!, dedim. Qərara gəldik ki, mebel sahibinə zəng edək, olanları söyləyək”.  Viki mebel sahibinə pulları qaytarıb: “Allah mənə və övladlarıma xoşbəxtlik bəxş edib. Hamısı həyatdadılar və çox yaxşı yaşayırlar. 3 nəvəm də var.

  Allahdan başqa nə istəyə bilərəm?”. Pulları qarşılıqsız geri qaytarılan ailə isə Vikini mükafatsız qoymayıb. Ona soyuducu almaq üçün 2 min 200 dollar hədiyyə edib.