Polkovnikdən ilginc açıqlama:“Antiterror əməliyyatlarını istisna etmirik”

“Azərbaycan ordusu və onun tərkib hissəsi olan Raket və Artilleriya Qoşunları döyüş fəaliyyətinə hazır olmalıdır”

“Antiterror əməliyyatı aparılarsa, əlbəttə öz öhdəsinə düşən tapşırıq və vəzifələri yerinə yetirilməlidir”
“Azərbaycanın Raket və Artilleriya Qoşunları böyük təcrübə yolu keçib”

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan ordusunun təlimlərini “Sherg.az”a şərh edib. O, bildirib ki, raket və artilleriya bölməsi müharibənin Allahı sayılır:

“Azərbaycan ordusunda daim döyüş hazırlığı ilə bağlı təlimlər baş tutur. Ordumuzun döyüş hazırlığı planı üzrə öz hazırlığını və döyüş qabiliyyətini yüksəldir. Əlbəttə, onların döyüş  hazırlığı xüsusi önəm daşıyır. Ona görə Azərbaycan ordusunda da bu sahəyə xüsusi diqqət yetirilir. Digər tərəfdən bütün növlər üzrə ayrı-ayrı təlimlər keçirilir. Daha sonra onların fəaliyyəti əlaqələndirmə stilində irimiqyaslı təlimlərdə tətbiq olunur. Qazanılan təcrübə və bilik-bacarıq məhz irimiqyaslı təlimlərdə öz əksini tapır. Hər yerdə olduğu kimi, Azərbaycan ordusunda da hazırlıqda sadədən mürəkkəbə doğru gedən yol xəritəsi var”.  

Ş.Ramadanov baş tutan təlimlərin antiterror əməliyyatları ilə əlaqəsini izah edib. O, qeyd edib ki, bu gün terrorçuluqla mübarizə bütün dünyanı əhatə edir:

 “Elə bir təlim  yoxdur ki, orada antiterrorla mübarizə şüarı qoyulmasın. Təbii ki, Azərbaycan ordusu da  hər an Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulan hər hansı tələbi və tapşırığı yerinə yetirməyə hazır olmalıdır. Bunun  üçün də antiterror əməliyyatlarını istisna etmirik.

 Azərbaycan ordusu və onun tərkib hissəsi olan Raket və Artilleriya Qoşunları döyüş fəaliyyətinə hazır olmalıdır və antiterror əməliyyatı aparılarsa, əlbəttə öz öhdəsinə düşən tapşırıq və vəzifələri yerinə yetirilməlidir.

 Azərbaycanın Raket və Artilleriya Qoşunları böyük təcrübə yolu keçib. Azərbaycanın apardığı 44 günlük müharibədə özünün göstərərək, böyük təcrübə qazanıb”.

Polkovnik onu da əlavə edib ki, bu qoşunun mütəxəssisləri öz peşəkarlığı ilə seçilir və  biz onların peşəkarlığını, bacarığını, qəhrəmanlığını tədiqləyən çoxsaylı video materialları Vətən müharibəsi müddətində də gördük.