Ağaclar kəsilib, parkinq salınıb! – “Dövlət orqanlar hara baxır? – Nəzarət güclənsin!

Bakının Nəsimi rayonu, Bülbül prospektində ağaclar kəsilib, yerində parkinq salınıb. Bununla bağlı sosial şəbəkələrdə payalşımlar edilib. Jurnalist Əzizə İsmayılova da hadisəyə münasibət bildirib. O, paylaşımında narazılığını bildirirək, ağacların soyqırımının məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb:“Bəli, Bakıda, həm də şəhərin düz göbəyində, ənənəvi "burda mənəm, Bağdadda kor xəlifə" nümayişi. Ərazidəki ağacları kəsib çox möhtərəm insanların milyonluq avtomobilləri üçün məxsusi parkinq düzəldiblər. Hansı ki, beş addım o tərəfdə yeraltı parkinq var. Bəli, əgər pulun və kreslon varsa, sənə bu ölkədə bütün işıqlar yaşıl yanacaq. Sən nəinki ağacları kəsib yerində avtomobilinə parkinq düzəldə bilərsən, üstünü düzəltsən lap yoldan keçənləri tutub maşına keşik çəkməyi tələb də edə bilərsən. Puluna minnət... 

...Ağacların soyqırımında yaxından uzaqdan iştirakı olan hər kəsə ən içdən gələn səsimlə arzu edirəm ki, həmişə sayıb qurtarmaq mümkün olmayacaq qədər pulunuz olsun amma heç vaxt almağa nəfəs tapmayasınız. 

Dərdiniz səriniz ancaq 1-cə saat rahat nəfəs almaq olsun. İnsanların nəfəsinə qənim kəsilənlərə bundan artığını deməyin mənası yoxdur”.

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli hadisəyə münasibət bildirib. O, “Sherg.az”a açıqlaması zamanı bildirib ki, məsələ diqqətdə saxlanılmalıdır:

“İstənilən halda bu gün biz Bakımızı təmiz  və sağlam bir şəhər kimi görmək , turistlərin bura cəlb edilməsi ilə bağlı müəyyən addımlar atmaq istəyiriksə, şəhərin təmiz havasına, yaşıllığına, o cümlədən, ətraf mühitinin qorunmasına ciddi diqqət yetirməliyik. Bununla bağlı müvafiq orqanlar daim şəhəri nəzarətdə saxlamalı və buna uyğun addımlar atmalıdır. Sözsüz ki, burada hər bir vətəndaşın da üzərinə məsuliyyət düşür. Vətəndaş olaraq, müəyyən məsələlərin vaxtında üstünə düşmək, ictimailəşdirmək lazımdır. Düşünrəm ki, bu məsələ də sona qədər araşdırılmalıdır, lazımı adamlar da cəzasını almalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu məsələyə ciddi diqqət yetirməli və nəzarətdə saxlamalıdırlar”.  

V.Tofiqli  analoji bir məqamı da xatırladıb:

“Bakı şəhəri, Təbriz küçəsi 10 ünvanında digər faciəli məqam yaşanıb. Ərazidə pilot layihə proqramını həyata keçirən “İNTEKS” MMC söküntü işlərini aparmaqla yanaşı onlarca ağacı “kökündən qaşıyıb” çıxarıb. Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nərimanov bələdiyyəsinin sorğusuna cavab olaraq göndərdiyi məktubda qeyd edilib ki, “əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilərkən orada 39 ədəd müxtəlifcinsli (Tut, Safora, Liqustr, Ayland cinsli) yaşıllıqların olduğu müəyyən edilib.

Həmçinin təqdim edilən fotoşəkillərdə və “Google Earth” proqramı vasitəsiylə əraziyə 2016-2021-ci il dövrü vizual olaraq baxış keçirilib və ərazidə 5 ədəddən artıq yaşıllığın mövcud olmadığı müşahidə edilib. 

Bu isə o deməkdir ki, ərazidə müxtəlif vaxtlarda 34 ağac məhv edilib. Bəs, sual olunur müvafiq orqanlar indiyədək hara baxıb, niyə vaxtında ölçü götürməyiblər?”

Qeyd edək ki, məsələ ictimailəşdikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti açıqlama yayıb. Qurumun verdiyi məlumata görə, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

 

“Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır”, - məlumatda qeyd edilib.