“3+3” formatı işləyəcəkmi? – Sabiq müşavir:“Ümid azdır, lakin...”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat  konfransı  keçirib. Rusiya XİN başçısı  Cənubi Qafqaz üzrə “3+3” formatında əməkdaşlıq platformasının növbəti iclasının baş tutacağını açıqlayıb. O, bildirib ki,  ikinci iclas yaxın vaxtlarda keçiriləcək.
“Biz Cənubi Qafqazda işləri necə davam etdirəcəyimiz barədə razılığa gəldik, bilirsiniz ki, Türkiyənin təşəbbüsü ilə 3+3 formatı yaradılıb. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, amma vurğulayırıq ki, biz həmişə onları görməyə şad olarıq. Növbəti görüş hazırlanır və ümid edirəm ki, çox yaxın zamanda bu görüşün keçirilməsi barədə açıqlama verə biləcəyik”, - deyə S.Lavrov bəyan edib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli S.Lavrovun açıqlamasına münasibət bildirib. O, “Sherg.az”a açıqlmasında bildirib ki, buradakı ölkələrin hansı mövqe tutacağını təxmin etmək çətin deyil:

“3+3” formatının görüşü öncədən Azərbaycan və Türkiyə tərəfindən müzakirə olunub. Budan sonra daha yaxşı formatlar ortaya çıxıb. Söhbət Avropa İttifaqının təqdim etdiyi formatdan gedir. Çünki biz prosesə daha obyektiv yanaşa biləcək tərəflərin formatda olmasını istəyərdik. İranın hansı  mövqe tutacağını təxmin etmək olar. Rusiya  “aləm məşhurudur”. Bütün formatlarda Rusiya Azərbaycanın əleyhinə hərəkət edir. Azərbaycanla yanaşı,  Türkiyənin də əleyhinə çıxışlar edir.

Gürcüstanı isə bu formata gətirmək mümkün olmayacaq. Çünki Gürcüstan təcavüzkar Rusiya ilə bir masa arxasına oturmaq istəmir. Burada yalnız rəsmi Bakı ilə Ankaranın mövqeyi  konstruktivliyi ilə fərqlənir. Rusiya, Ermənistan və İran demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edəcək”.

Politoloq qeyd edib ki, indiki vəziyyətdə formatın gələcəyi haqqında konkret nəsə söyləmək olmaz:

“Ümidim az olsa da, format haqqında birmənalı fikir söyləmək asan deyil. Gürcüstan formatda iştirak etsəydi, qüvvələr nisbətində tarazlıq  olacağını düşünüb, nələrsə gözləmək olardı. Amma indiki şəraitdə vəziyyət müəyyən qədər qarışıq və perspektivsiz görünə bilər. Lakin hadisələri qabaqlamayaq, görək ikinci görüş baş tutacaqmı.

Amma ortada Avropa Birliyi var. Birlikdən də, onun təşəbbüslərində də imtina etmək olmaz”.