“Gürcüstan Azərbaycanın dünyaya açılan pəncərəsi, Azərbaycan isə onun...” 

“Rəsmi Tiflisin bütün strateji, həyati əhəmiyyətli məsələləri Azərbaycan asılıdır”

“Gürcüstanın Azərbaycan olmadan, maddi cəhətdən özünün təmin edib, ayaqda qalması çətindir”


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb. Görüşdə Prezident S. Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.

Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər xüsusi  əməkdaşlıq formatına əsaslanır:

“Bu ölkələr strateji dost, müttəfiq olmaqla yanaşı, həm də bir-birindən qarşılıqlı olaraq asılılıdırlar. Çünki Gürcüstan Azərbaycanın dünyaya açılan pəncərəsidir. Diqqətlə baxsaq, 1990-cı illərdən bəri Azərbaycanın əksər elektrik xətləri Gürcüstan üzərində keçir. Gürcüstan olmasa, bizim Qərbə açılan qapımız bağlanır. Biz öz enerji resurslarımızı sata bilmərik. Çünki büdcəmiz böyük miqdarda neft və qaz resurslarının satılmasının nəticəsində formalaşır.  Bizim idxalın böyük hissəsi Gürcüstan üzərindən gəlir”.

Analitik qeyd edib ki, Azərbaycan da Gürcüstan üçün xüsusi rola sahibdir:

“Gürcüstanın da bütün strateji, həyati əhəmiyyətli məsələləri Azərbaycan asılıdır. Gürcüstanın xüsusilə, Rusiya ilə müharibədən sonra bütün strateji təbii qaz resursları, yanacaq, neft məhsullar ilə təmin olunması, tranzit və nəqliyyat gəlirləri əldə etməsi  daha çox Azərbaycanın Çin ilə Avropa arsında körpü rolunu oynaması sayəsində reallaşır. Gürcüstanın Azərbaycan olmadan, maddi cəhətdən özünün təmin edib, ayaqda qalması çətindir. Bütün bunlara görə, rəsmi Tiblisin və Bakı davamlı olaraq bir-birinə ehtiyac içərisindədirlər. Bu ehtiyacları qarşılıqlı yardımlaşma, iqtisadi inkişaf,  xalqların və cəmiyyətlərin birgə iqtisadi rifahına yönəltmək lazımdır”.

T.Rzayev onu da əlavə edib ki, bu kimi məsələlər ölkələr arasında daim gündəmdə saxlanılmalı, müzakirə predmeti olmalıdır:

“Gürcüstan və Azərbaycan rəhbərliyi arasında tez-tez baş nazir və prezident səviyyəsində görüşlər olur. Bunların əsas məqsədi də strateji əməkdaşlıqları vurğulamaq, üçüncü qüvvələrin bu əlaqələrə zərər verməsinin qarşısına keçməkdir. Çünki hər iki ölkənin rəhbərliyi bilir ki, müəyyən fikir ayrılıqları olsa da, bu iki ölkə bir-birinə möhtacdır və başqa alternativləri yoxdur. Məhz buna görə də təşkil olunan görüşlər ictimai ələqələrin daha da güclənməsinə hesablanıb”.